4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

21-05-2024
IMG

Mayın 21-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Fhnews.az xəbər verir ki, Milli Məclisin sədri əvvəlcə aprel-may aylarında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında qısa məlumat verib.

İclasın gündəliyinə 11 məsələnin daxil edildiyini bildirən S.Qafarova ilk məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib.

İclasda daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov insan alverinə qarşı mübarizəyə dair illik məlumatı təqdim edib.

O bildirib ki, hesabat ilində insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülüb. Belə ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icraçı qurumlarının siyahısı dəqiqləşdirilib, normativ hüquqi aktlara uyğunlaşdırmalar aparılıb. Bununla yanaşı, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na əsasən İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin yaradılması, xüsusi müəssisədə insan alveri qurbanlarının dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi TƏBİB-in funksiyalarına aid edilib. Həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib. Eyni zamanda, Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası imzalanıb, “İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlara xidmət edən “Qaynar xətt” haqqında” və “İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaq haqqında” nizamnamələr təkmilləşdirilib.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında bu komitənin rəyini səsləndirib. O, insan alveri ilə mübarizənin müstəqillik dövrümüzün son 30 illik hüquq-mühafizə siyasəti, o cümlədən insan hüquq və azadlıqlarının qorunmasına yönələn dövlət kursunun mühüm nailiyyəti kimi dəyərləndirib. O, rəhbərlik etdiyi komitənin Milli Koordinatorun illik məlumatını qənaətbəxş hesab etdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi komitə tərəfindən Milli Koordinatorun hesabat ilində digər dövlət orqanları, Qeyri-Hökumət Təşkilatları, media nümayəndələri ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirilib. Bununla yanaşı, daxil olan müraciətlərə, o cümlədən deputat sorğularına Daxili İşlər Nazirliyi tərəfindən operativ şəkildə cavab verilməsi təqdirəlayiq hesab olunub. O, komitənin Milli Koordinatorun illik məlumatını müsbət dəyərləndirdiyini bildirib.

Deputatlar mövzu ətrafında aparılan müzakirələrdə çıxış ediblər, öz fikir və qeydlərini səsləndiriblər. Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov qaldırılan məsələlərə münasibət bildirib.

Müzakirələrin yekununda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti 3 məsələsi beynəlxalq sazişlərin təsdiq edilməsi ilə bağlıdır. O qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb, qəbul edilməlidir. Milli Məclisin sədri 2-ci və 3-cü məsələlərin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu deyib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Bildirilib ki, Protokolda tərəflər arasında dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında Azərbaycanın ali təhsili sahəsində və Qazaxıstanın ali və ali təhsildən sonrakı təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi təsbit olunur. Bu əməkdaşlıq çərçivəsində dövlətlərin maraqlı elm və ali təhsil müəssisələri arasında müqavilələr əsasında tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin mübadiləsi, müxtəlif konfrans və forumlarda tələbələrin qarşılıqlı iştirakı, dövri nəşrlərin, təhsil sahəsinin müxtəlif aspektləri, attestasiya və akkreditasiya prosedurları, elmi dərəcələr və elmi adlar barədə, sənədlərin tanınması prosedurları haqqında məlumatların mübadiləsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirirlər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev sənəd barədə bu komitənin müsbət rəyini diqqətə çatdırıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, Saziş 2024-cü il martın 11-də Bakı şəhərində imzalanıb. Əsas məqsəd dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının ikitərəfli qaydada tanınmasıdır. Qeyd olunub ki, iki ölkə arasında diplomların tanınması üçün əsas şərtlərindən biri dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın müddəalarına tam əməl edilməsidir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib.

Nəzərə çatdırılıb ki, Saziş 2024-cü il martın 5-də Bakı şəhərində imzalanıb. Sazişin müddəalarına əsasən Tərəflər avtomobil körpüsünün istismarını öz qanunvericiliyinə uyğun olaraq 12 il müddətində növbə ilə həyata keçirəcəklər.

Sazişə əsasən hər bir tərəf öz dövlətinin ərazisində avtomobil körpüsünə giriş yollarının istismarı və onlara xidmət göstərilməsi üzrə işlərin aparılmasını müstəqil olaraq həyata keçirir. Bu proses çərçivəsində vergitutma məsələləri dövlətlərin vergi qanunvericiliyinə əsasən tənzimlənir, həmçinin tərəflər arasında 3 iyul 1997-ci il tarixli gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin müddəaları nəzərə alınacaqdır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək, rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyinin müsbət olduğunu qeyd edib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib. O, sənədlə bağlı əlavə heç bir təklifin olmadığı deyib və layihənin səsə qoyulmasını xahiş edib.

Layihə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsinin və bununla bağlı kompensasiyanın, habelə qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, məsələ barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə təklif edilən dəyişikliklərdə övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsi məsələsi ehtiva olunur. Sənəddə, habelə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın elektron qaydada ötürülməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə yaxın olduğunu qeyd edib. O bildirib ki, layihələrə parlamentin iki komitəsində - Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrində baxılıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, məsələ barədə əvvəlki iki oxunuşda geniş məlumat verildiyini, sənədin deputatlar tərəfindən dəstəkləndiyini söyləyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.

B.Məhərrəmov, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyin növbəti məsələsi - Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı müsbət rəyini də səsləndirib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə fikirlərini açıqlayıb. O, əvvəlki iki oxunuşda layihə barədə ətraflı məlumat təqdim edildiyini, məsələ ilə bağlı komitəyə əlavə təklifin daxil olmadığını, mətndə dəyişiklik edilmədiyini bildirib və sənədin dəstəklənməsini xahiş edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, heç bir irad və təklifin daxil olmadığını nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsində COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezidentlərə 2024-cü il martın 1-dən 9 ay müddətinə vergi azadolmalarının nəzərdə tutulduğu bildirilir. Sənəddə malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlərin gəlir vergisindən, mənfəət vergisindən, malların idxalı da daxil olmaqla ƏDV-dən azad olunması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, növbəti məsələ “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Parlamentin sədri qeyd edib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu məsələ barədə bildirib ki, layihədə "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 9-cu maddəsinə və "Özəl tibb fəaliyyəti haqqında" Qanunun 13-cü maddəsinə təklif olunan dəyişiklikdə "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.12-ci maddəsində göstərilən bir nəzarət-kassa aparatının çeki üzrə hesablaşma tələbi əlavə olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova gündəliyin sonuncu məsələsinin ikinci oxunuşda müzakirəyə təqdim edilən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov layihə barədə məlumat verib. O diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş sənəddə yeni 405-1-ci və 451-1-ci maddələrin əlavə edilməsi təklif olunur. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonda Milli Məclisin sədri xatırladıb ki, İranın Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər müşayiət edən şəxslər helikopter qəzasında faciəvi şəkildə həlak olublar. S.Qafarova faciə ilə əlaqədar dost və qardaş İran xalqının kədərinə şərik olduqlarını bildirib və həlak olanlara Allahdan rəhmət, onların yaxınlarına və bütün İran xalqına səbir diləyib. İclasda qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Paylaş: