Ombudsman: Beynəlxalq ictimaiyyət itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana ciddi təsir göstərməlidir - MÜSAHİBƏ
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Məlum olduğu kimi, 30 avqust tarixi Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur. Birinci Qarabağ müharibəsi zamanı çox sayda azərbaycanlı itkin düşmüşdür. Onlar barədə hansı məlumatlar var və bu şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nə ilə nəticələnib?
- Beynəlxalq İtkin Düşmüşlər Günü itkin düşmüş şəxslərə ehtiram və yaxınlarına təsəlli olaraq 2010-cu il dekabrın 21-də BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr nəticəsində bu gün itkin düşmüş şəxslərin sayını dəqiq söyləmək mümkün deyil. Buna baxmayaraq, deyə bilərik ki, bu say yüz minlərlə və ya daha çoxdur. İtkin düşmüş şəxslərlə bağlı məsələ ölkəmizin də üzləşdiyi ən ağır problemlərdən biri kimi qalmaqdadır. Qeyd etdiyiniz kimi, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bu günədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirməsini böyük həsrətlə gözləyirlər.
Ermənistan tərəfi isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən boyun qaçırır, iştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normaları kobud şəkildə pozur. Əldə edilmiş son məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslər sayı 766 nəfəri mülki şəxs, 3202 nəfəri hərbçi olmaqla, ümumilikdə 3968 nəfərdir ki, mülki şəxslərdən 69-u uşaq, 283-ü qadın, 334-ü isə ahıl şəxsdir.
Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin, hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri, onların əsir-girov götürülməsi və saxlanması barədə çoxsaylı sübutlar mövcuddur. Ancaq bu ölkə bütün faktları qəsdən inkar edir, soydaşlarımızın əsir götürülməsini, onların işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qalmasını təkzib edir. Əvvəllər də bildirdiyim kimi, əhəmiyyətli faktlardan biri də ondan ibarətdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 1998 və 2001-ci illərdə təqdim olunmuş məktublarda 54 azərbaycanlının sağ olduğu təsdiqlənib. Məktublara əsasən BQXK nümayəndələri Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və bu ölkə tərəfindən respublikamızın işğal edilmiş ərazilərində saxlanıldıqları yerlərdə baş çəkiblər. Onlar bu qurumun qeydiyyatında olublar. Ancaq sağ olduqları təsdiqlənmiş həmin 54 nəfərin də həyatına Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən son qoyulub. Onlardan 17 nəfərinin nəşi qaytarılıb, aralarında 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində vəfat etdiyi bildirilib, lakin nəşləri qaytarılmayıb. Dörd nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib ki, bu da ciddi insan hüquqları pozuntusudur.
- İkinci Qarabağ müharibəsindən və ötən il keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra azad olunmuş ərazilərimizdə azərbaycanlılara məxsus kütləvi məzarlıqlar aşkarlanıb. Bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Vətən müharibəsində qazanılmış Zəfərdən və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə Ermənistanın işğalından azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işləri, eləcə də hadisə şahidlərinin ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanıb.
Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir. Azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində yalnız Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilir. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilib, itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr toplanılıb, sistemləşdirilib və yaradılmış molekulyar-genetik laboratoriya tərəfindən onların DNT profilləri çıxarılıb. Bu günədək görülmüş işlərin nəticəsi olaraq itkin düşmüş 149 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onların ailələri məlumatlandırılıb. Artıq şəxsiyyəti müəyyən olunmuş soydaşlarımızın dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən birgə işlər görülməkdədir. Bütün bu proseslər itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması ilə bağlı məsələlərin dövlət başçısının daim diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirir.
Eyni zamanda, azad edilmiş ərazilərimiz işğal dövründə minalarla çirkləndirilib. Basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməməsi də kütləvi məzarlıqların yerlərinin müəyyən olunması işlərində müəyyən çətinliklər yaradır.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində davamlı şəkildə aşkarlanan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini bir daha nümayiş etdirir.
- Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili kimi tərəfinizdən itkin düşmüş şəxslərlə bağlı hansı tədbirlər həyata keçirilib?
- Əvvəlcə onu qeyd etmək istərdim ki, fəaliyyətimdə Ermənistan tərəfindən müxtəlif beynəlxalq hüquq normaları və insan hüquqlarının pozulması ilə bağlı faktların, o cümlədən müharibə nəticəsində itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsələnin araşdırılmasına, dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət göstərirəm. Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları, bu kimi digər faktlarla əlaqədar indiyədək tərəfimizdən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq və regional təşkilatlara fərdi müraciətlər ünvanlanıb.
Həmçinin 2021-ci ildə beynəlxalq ictimaiyyətə bu mövzu ilə əlaqədar məlumatları əks etdirən geniş videomüraciətim də təqdim olunub.
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər barədə məlumatların daha geniş yayılması istiqamətində tərəfimdən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq ötən il 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Həmçinin mənim və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyimiz görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.
Bununla yanaşı, Xocavənd rayonunun Edilli kəndində aşkarlanıb kütləvi məzarlıqlarda Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən müstəqil yerində araşdırma aparılıb, monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb. Bu sənəddə beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə basdırıldıqları yerlər barədə məlumatların təqdim olunması üçün qəti mövqenin nümayişi barədə müraciət edilib.
Həmçinin Azərbaycan Respublikasının ombudsmanı olaraq beynəlxalq təşkilatların, ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər şəxsləri və nümayəndələri ilə keçirilən görüşlərdə, eləcə də iştirak etdiyim beynəlxalq tədbirlərdə çıxışlar zamanı itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqətə çatdırılır, o cümlədən tərəfimizdən hazırlanmış hesabatlar və digər aidiyyəti materiallar görüş iştirakçılarına təqdim edilir.
Bir məsələni də diqqətə çatdırmaq istərdim ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına əməl edərək, İkinci Qarabağ müharibəsi dövründə erməniəsilli hərbi əsirlərin müharibə zonasından təxliyə olunması, yaralı hərbçilərin müalicə üçün xəstəxanalara yerləşdirilməsi istiqamətində addımlar atıb, daha sonra isə onların hər biri öz ölkəsinə qaytarılıb.
Lakin təəssüflər olsun ki, müharibə dövründə Azərbaycan tərəfinin nümayiş etdirdiyi münasibətdən fərqli olaraq, Ermənistan tərəfi əsirlərlə davranış qaydalarını, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozub, yaralanaraq əsir düşən azərbaycanlı hərbçilərin şəxsiyyətlərini alçaldıb, işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qoyub.
- Ermənistanın əsirlərlə davranış qaydalarını kobud şəkildə pozduğunu qeyd etdiniz. Bəs ümumilikdə əsir-girov götürülmüş şəxslərlə bağlı bu ölkə tərəfindən hansı beynəlxalq normalar pozulub?
- Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə həyata keçirdiyi nifrət, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyünə qəsd olunub, dinc soydaşlarımız cinayət aktlarının, xüsusən sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin qurbanına çevrilib.
Bu ölkə tərəfindən beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının və onlara dair 1977-ci il tarixli I Əlavə Protokolun tələbləri kobud şəkildə pozulub, əsir-girov götürülmüş hərbi qulluqçuların və mülki şəxslərin zorla yoxa çıxarılması ilə bağlı cinayət əməlləri törədilib.
Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş çoxsaylı soydaşlarımızın ailələri uzun illərdir böyük həsrətlə doğmalarının taleyi barədə məlumat almağı arzulayırlar. Bu məsələ ilə əlaqədar Ermənistan tərəfinə dəfələrlə müraciətlər olunsa da, qarşı tərəf itkin düşmüş şəxslərin taleyi, habelə qətlə yetirilmiş azərbaycanlı əsir və girovların kütləvi şəkildə basdırıldığı yerlər barədə məlumatları verməkdən imtina edir və beləcə onların ailələrini bu hüquqdan məhrum edir. Halbuki “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasına görə, münaqişənin hər bir tərəfi müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərinin bir-biri ilə əlaqə yaratmasına və əgər mümkündürsə, görüşmək üçün apardıqları axtarışa kömək göstərməlidir. Bu Konvensiya ailə üzvlərinin öz yaxınlarının taleyi barəsində məlumat almaq hüququnu bilavasitə tanıyır.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1974-cü il 6 noyabr tarixli Qətnaməsində münaqişə tərəflərinə itkin düşmüş şəxslər barədə məlumatların qarşılıqlı olaraq verilməsi tövsiyə edilib. Eləcə də BMT-nin İnsan Hüquqları Komissiyasının 2002-ci ildə qəbul etdiyi müvafiq Qətnamədə silahlı münaqişənin qarşı tərəfinin itkin düşmüş şəxslərin axtarışında iştirak etməsi bir öhdəlik olaraq nəzərdə tutulub.
Nəticə olaraq, itkin düşmüş şəxslər barəsində məlumatların ailə üzvlərinə verilməməsi həmin ailə üzvlərinin beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquqda təsbit edilmiş “ailə həyatına hörmət” prinsipinin kobudcasına pozulmasıdır. Buraya həyatını itirmiş şəxslər barəsində məlumatlar da daxildir.
Yekunda fürsətdən istifadə edərək bir daha vurğulamaq istərdim ki, beynəlxalq ictimaiyyət Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi və qətlə yetirilmiş şəxslərin kütləvi şəkildə basdırıldığı yerlər barədə dəqiq məlumatların təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...