4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

12-10-2024
IMG

COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Niderland Parlamenti tərəfindən oktyabrın 10-da qəbul edilmiş sənədlər və Niderland xarici işlər nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir.

Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır. Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir.

İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin etmişdir.

Bu və Niderland Parlamentinin Azərbaycana qarşı son dövrlər qəbul etdiyi çoxsaylı digər sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir. Azərbaycanofob siyasət yürüdən Fransa, Litva, Kanada kimi, Niderland da Ermənistan tərəfindən bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə aparılmasına, Ermənistanda yüzlərlə məscidin və digər mədəni abidələrin dağıdılmasına, eləcə də vaxtilə işğal altında olmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan zərərə, yüzlərlə şəhər və kəndin dağıdılmasına biganə qalmışdır.

“Nəhayət vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, İslamofobiyanın geniş tüğyan etdiyi, Srebreniça soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur.

Biz, Qərbi Azərbaycan İcması olaraq, Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”, - deyə İcmadan bildirilib.

Paylaş: