4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

 Düşənbə şəhərində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Üçüncü Yüksək Səviyyəli Konfrans çərçivəsində “Qadınlar və Su” Beynəlxalq Forumu keçirilib

10-06-2024
IMG

Bu gün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Dayanıqlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Üçüncü Yüksək Səviyyəli Konfrans çərçivəsində “Qadınlar və Su” Beynəlxalq Forumu keçirilib.

Fhnews.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Su resurslarının idarə olunmasında qadınların rolu, gender bərabərliyinin təmin olunması istiqamətində beynəlxalq müzakirə platformasının yaradılması məqsədilə keçirilən forumda “Qadınlar və Su” mövzusunda sərgi nümayiş etdirilib.

Tədbirin açılış hissəsindən sonra “Su diplomatiyasında qadınlar sülhməramlı, ədalətli və inklüziv cəmiyyət naminə” və “İcma səviyyəsində su təminatı sahəsinin gender yönümlü gündəliyinə sərmayə qoyulması: sülhməramlı, ədalətli və inklüziv cəmiyyətlər üçün ən yaxşı təcrübələr və alətlər” mövzularında panel müzakirələri aparılıb.

Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ekoloji tarazlığın qorunmasında su resurslarının idarə olunmasının əhəmiyyəti, ölkəmizdə su resurslarının idarə olunmasının effektivliyinin artırılması istiqamətində dövlət siyasəti, eyni zamanda yaşıl iqtisadiyyatda qadınların rolu barədə məlumat verib.

Komitə sədrinin müavini çıxışında həmçinin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu Sessiyasına (COP29) dair forum iştirakçılarına məlumat verərək, bu çərçivədə həyata keçirilən tədbirlərdə qadınların iştirakçılığının artırılmasının yaşıl iqlim naminə mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonda Forumun gündəliyində qeyd olunan məsələlərə dair interaktiv müzakirələrdən sonra gələcək üçün hədəf və məqsədlər müəyyən olunub.

Forumda müxtəlif dövlətlərin, beynəlxalq, regional və yerli təşkilatların, elm, təhsil və media nümayəndələri, su resurslarının idarə olunması və gender bərabərliyinin təmin olunması sahəsində ekspertlər, qadın hüquq müdafiəçiləri iştirak ediblər.

Paylaş: