4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

 Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

10-07-2024
IMG

9 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Fhnews.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycanın NATO ilə əməkdaşlığını təsbit edən "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində 30 illik tərəfdaşlığın qarşılıqlı anlaşma şəraitində uğurla davam etdirilməsi məmnunluqla qeyd olunub.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin qlobal çağırışlarla mübarizə fəaliyyətimizin növbəti bariz nümunəsi olduğunu bildirib.

Postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən mülki şəxslərə qarşı mina təhdidinin davam etdirilməsi, Ermənistanın sürətlə silahlanması faktına diqqət çəkib.

Bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialar xatırlanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: