4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb

15-07-2024
IMG

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi, o cümlədən müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl və sistemli şəkildə davam edir.

Fhnews.az xəbər verir ki, MSK-nın Milli Məclisə seçkilərlə əlaqədar fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən maarifləndirmə proqramı çərçivəsində növbəti tədbirlərə - seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib. Ümumrespublika miqyaslı layihə qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Layihənin açılışı və ilk seminar iyulun 15-də Komissiyanın inzibati binasında MSK sədrinin müavini Rövzət Qasımovun giriş nitqi ilə başlayıb. Tədbirdə MSK nəzdində ekspert qrupunun üzvləri, Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, o cümlədən Bakı və ətraf rayonların 52 seçki dairəsi üzrə dairə seçki komissiyalarının müraciətlərin araşdırılmasına məsul olan 156 eksperti iştirak edib.

Seminarda MSK nəzdində ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadə olunmaqla keçirilən təqdimatlarda seçki hüququn pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri, araşdırılma müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, ekspert qrupu üzvlərinin həyata keçirəcəyi tədbirlər, qərarların qəbulu və tərtib olunması, eləcə də digər mühüm məsələlər ətraflı şəkildə izah edilib. Seminara qatılan dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan Yaddaş kitabçası da təqdim olunub.

Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib. Sonda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirilib.

Regional seminarların növbəti mərhələsinin iyulun 17-də Gəncə, Naxçıvan, Şəki və Masallıda keçirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.

Paylaş: