4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

MSK-da prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib

15-01-2024

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, iclasda, əvvəlcə fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatmanın keçirilməsi, nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi məsələsinə baxılıb.

Diqqətə çatdırılıb ki, prezidentliyə namizədlərin qeydə alınması prosesi artıq başa çatıb və müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülmüş, habelə öz təşəbbüsü ilə seçkilərə qatılmış 7 iddiaçının namizədliyi qeydə alınıb. Seçki Məcəlləsinin tələbinə əsasən yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat mərhələsi səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçkilərdə azad və sərbəst şəkildə seçkiqabağı təşviqatın aparılması üçün hərtərəfli şərait və geniş imkanlar yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Həmin yerlər bütün təşviqat subyektləri üçün ödənişsizdir, heç bir icazə tələb olunmadan, yalnız müvafiq dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirilə bilər. Seçkiqabağı təşviqatın aparılması məqsədilə qanunvericiliklə qadağan olunmayan digər yerlərdən də Seçki Məcəlləsinin tələblərinə uyğun istifadə edilməsi mümkündür. Namizədlər tərəfindən müraciət olunduğu halda müvafiq dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində, bərabərlik prinsipi gözlənilməklə və bütün seçkiqabağı təşviqat subyektlərinə eyni əsaslarla görüş üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub. Bu seçkilərdə ödənişsiz əsaslarla seçkiqabağı təşviqatın aparılması üçün dövri nəşrlərin sayı artırılıb və “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərindən əlavə, “Respublika” qəzetində də dərc üçün yer ayrılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqata qoşulmaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada mediadan daxil olan 44 müraciətin hamısı təmin edilib və təqdim olunmuş bütün məlumatlar Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib. Qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə media bu seçkilərdə ödənişli əsaslarla seçkiqabağı təşviqat mərhələsinə qoşulmaqda xüsusilə fəallıq nümayiş etdirib.

Mərkəzi Seçki Komissiyasının üzvləri və iclas iştirakçıları məlumatlandırılarkən habelə bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər tərəfindən həmin vaxtın 3 saatı televiziyada, 3 saatı isə radioda dəyirmi masa formatına uyğun istifadə edilir. Qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı günün ən baxımlı vaxtında – həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün isə hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilərinə təqdim olunacaq. Bununla bərabər, televiziyada keçirilən debatların ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media platforması üzərindən də birbaşa yayımlanması nəzərdə tutulur ki, bu da daha geniş auditoriyanın izləməsinə və məlumatlandırılmasına mühüm töhfə verəcək.

Sonra Komissiyanın iclasında qarşıdan gələn seçkilərdə seçkiqabağı təşviqat aparılması üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların təmsilçilərinin, beynəlxalq müşahidəçilərin və media nümayəndələrinin də iştirakı ilə püşkatma keçirilib. Prezidentliyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin dəyirmi masa formatında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.

Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsini qərara alıb.

İclasda, həmçinin Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxsləri qeydə alınıb və cari məsələlərə baxılıb.

Paylaş: