4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib

06-06-2024
IMG

İyunun 6-da Minskdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.

Fhnews.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

İclasda tərəflər Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildiriblər.

İki ölkə prezidentlərinin fəal siyasi dialoqu, sıx təmasları və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub.

Bununla əlaqədar olaraq, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana son dövlət səfərinin əhəmiyyəti qeyd edilib.

İclasda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələləri müzakirə ediblər. Azərbaycanın azad edilmiş ərazilərində iqtisadi-ticari, investisiya, sənaye və aqrar sahələrdə, eləcə də təhsil və birgə fəaliyyət istiqamətlərində dövlət başçılarının razılaşma və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqu davam etdirməyə hazırlıq ifadə ediblər.

İclasın yekunlarına əsasən, Əli Əhmədov və İqor Petrişenko Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokolunu, habelə iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə 2024-2025-ci illər üçün yenilənmiş yol xəritəsini imzalayıblar.

Paylaş: