Milli Məclisin sədri Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğu qeyd edilərək, xalqlarımızı birləşdirən ortaq tarixi, dil, dini, milli-mənəvi dəyərlərin münasibətlərimizin əsasında dayandığı, xalqlarımızın hər zaman bir yerdə olduğu vurğulanıb. Qeyd edilib ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Qardaş ölkələrimizin rəhbərlərinin qarşılıqlı səfərləri bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Söhbət zamanı dövlət başcılarımızın liderliyi ilə ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Qeyd edilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı hörmətə və etimada əsaslanan qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafında və müttəfiqlik səviyyəsinə çatmasında çox mühüm rol oynayır.
Milli Məclisin sədri Azərbaycan Prezidentinin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, ölkələrimizin türk dövlətləri arasında da münasibətlərin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Sədr bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyib.
Görüşdə parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına dəstək və töhfələr verdiyi, hazırda qanunvericilik orqanlarımızın əməkdaşlığının da yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, bu gün Milli Məclis ilə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur. Həmçinin parlamentlərimiz beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir və bütün məsələlərdə ortaq mövqedən çıxış edirlər.
Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb və bu sənəd parlamentlərimiz arasında bir çox sahələrdə əlaqələrin daha da dərinləşməsini özündə ehtiva edir. Saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələr çox önəmlidir.
Azərbaycana səfərindən və Milli Məclisdə olmağından məmnunluğunu ifadə edən TBMM-nin komissiya sədri Mahmut Özər cari il mayın əvvəlində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olduğunu və tədbirin çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Görüşdə qardaş ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş əlaqələrin olduğu bildirilib.
Parlamentin sədri gənc nəslin tərbiyəsində, ailə dəyərlərimizin qorunmasında təhsilin xüsusi rolunu vurğulayıb. O deyib ki, gənc nəslin milli dəyərlərimizə bağlı, qardaşlıq münasibətlərimizə sadiqlik ruhunda yetişdirilməsi böyük əhəmiyyət kəsb edir.
Söhbət əsnasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluq ifadə edilib, bunun ölkələrimiz arasında qardaşlığın təzahürü olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin daha yaxşı təhsil almasına və gələcək inkişafına töhfə verəcək.
Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, TBMM üzvləri Nazım Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...