Milli Məclisin sədri Sahibə Qafarova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüşüb.
Fhnews.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova onun fəaliyyətinin UNICEF-lə ölkəmiz arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə inamını bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan BMT-yə üzv olduqdan sonra təşkilatın müxtəlif qurumları ilə fəal əməkdaşlıq əlaqələri qurub. Hazırda bu təşkilatla Azərbaycanın müxtəlif qurumları, o cümlədən Milli Məclis arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur.
S.Qafarova Milli Məclisin qonağa qadın, ailə və uşaq məsələləri üzrə qanunvericilik sahəsində fəaliyyəti haqqında məlumat verib.
Bildirilib ki, Milli Məclisdə uşaqlarla bağlı 35 qanun qəbul edilib, 100-dən çox qanuna əlavə və dəyişikliklər olunub.
UNICEF-ın nümayəndəsi, həmçinin “Məişət zorakılığı haqqında” Qanuna dəyişikliklər barədə məlumatlandırılıb.
Qonağa işğaldan azad olunan ərazilərdə görülən işlər, Ermənistan tərəfindən basdırılmış minaların yaratdığı təhlükə və məcburi köçkünlərin geri qayıdışı barədə də məlumat verilib.
Görüşdə, eyni zamanda, Azərbaycan parlamenti ilə UNICEF arasında əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti UNİCEF-lə birlikdə bəzi tədbirlər həyata keçirib. Qarşıdakı dövrdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı niyyət ifadə olunub.
Saca Faruq Abdullah ölkəmizi COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu qərar Azərbaycanın sözügedən sahədə əldə etdiyi nailiyyətlərin yüksək səviyyədə tanınması deməkdir.
O deyib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bunlar Davamlı İnkişaf Məqsədlərinə də uyğundur. Qonaq UNICEF-in Azərbaycanla uşaq hüquqlarının daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətində olduğunu da diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...