4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

24-05-2024
IMG

Mayın 24-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyi qəbul olunduqdan sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən deputatlar gündəmdə olan məsələlər barədə fikirlərini açıqlayıblar. Onlar Fransanın bəzi dairələrinin bu ölkənin müstəmləkəçilik siyasəti nəticəsində Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Azərbaycana qarşı yönəlmiş ittihamlarını əsassız hesab ediblər. Bildirilib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlarda yerli əhalinin Fransanın neokolonial siyasətinə etirazı nümayiş etdirilib. Azərbaycanın Yeni Kaledoniya ilə bağlı mövqeyi isə ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq sənədlərdən, o cümlədən Qoşulmama Hərəkatının fəaliyyətinin əsasını təşkil edən prinsiplərdən irəli gələn yanaşmadır.

Çıxışlarda, habelə Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin Ermənistana səfəri çərçivəsində parlamentdəki çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi təxribatçı bəyanatlar pislənilib. Qeyd olunub ki, bu qərəzli ittihamları Milli Məclis kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.

Deputatlar, eyni zamanda vurğulayıblar ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq uzun müddət Ermənistanın işğalında olan Qazağın 4 kəndi geri qaytarılıb. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzura qayıdışı təmin olunub, sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində addımlar atılır. Bildirilib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasətini uğurla davam etdirir.

Milli Məclisin sədri qaldırılan aktual məsələlərin vacibliyini nəzərə alaraq, mövcud reallıqların geniş ictimaiyyətə çatdırılması üçün deputatları sosial şəbəkələrdə, mediada fəal olmağa çağırıb.

Sonra Sahibə Qafarova iclasın gündəliyinə 7 məsələnin daxil edildiyini və ilk iki məsələnin Milli Məclisin qərar layihələri olduğunu deyib. O, birinci məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi olduğunu söyləyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə məlumat verib. O, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsinə deputat Kamaləddin Qafarovun namizədliyinin irəli sürüldüyünü bildirib.

Milli Məclisin bu qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra iclasda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumat dinlənilib. Məlumatı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Komitə sədri diqqətə çatdırıb ki, məlumat qanunun müvafiq maddələrinə uyğun olaraq 3 bölmədən ibarət tərtib edilib. Əvvəlki illərlə müqayisədə məlumat daha geniş və əhatəli şəkildə tərtib olunub. İlk dəfə olaraq məlumata Mediasiya Şurasının hesabatı, Gender məsələləri üzrə məsul şəxslərin siyahısı, Sosial xidmət müəssisələrinin və yardım mərkəzlərinin xidmətlərindən yararlanan şəxslər barədə hesabat, həmçinin Naxçıvan Muxtar Respublikasının məlumatları da daxil edilib. Sənəd 62 dövlət orqanından və 77 yerli icra hakimiyyətindən və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyaları əhatə edir.

Bahar Muradova gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən və dövlətin vəzifələrindən bəhs edən I bölmədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender əsaslı ayrı-seçkilik halları ilə bağlı mövcud vəziyyət, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qadın və kişilərin təmsilçiliyi barədə məlumatların əks olunduğunu söyləyib.

Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək illik məlumat barədə rəhbərlik etdiyi komitənin rəyini səsləndirib. O, bütövlükdə illik məlumatın peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə çox detallı təhlillərin aparıldığını, təklif və tövsiyələrin məqbul olduğunu vurğulayıb.

Aparılan müzakirələrdə çıxış edən komitə sədrləri, deputatlar təqdim edilən illik məlumatı müsbət dəyərləndiriblər. Deputatlar bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qaldırılan məsələlərə münasibət bildirib.

Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2023-cü ildə fəaliyyəti haqqında məlumat səsə qoyularaq nəzərə alınıb.

Sahibə Qafarova bildirib ki, gündəliyin digər dörd məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. O, növbəti üç məsələnin Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. Milli Məclisin sədri həmin qanun layihələrinə Aqrar siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrində baxıldığını söyləyib.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. Komitə sədri birinci və ikinci oxunuş zamanı bu sənədlər barədə ətraflı məlumat verildiyini, bəzi fikirlərin səsləndirildiyini və bununla bağlı razılığın əldə edildiyini bildirib. O, üçüncü oxunuşda layihələrin komitədə müzakirəsi zamanı əlavə heç bir təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Hər iki qanuna təklif edilən dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, bu sənədin yuxarıdakı iki layihədə edilən dəyişikliklə bağlı olduğunu deyib. Layihənin mətnində heç bir dəyişikliyin edilmədiyini söyləyib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini səsləndirib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, məsələnin iki oxunuşda müzakirə olunduğunu, əlavə heç bir təklifin daxil olmadığını qeyd edib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri gündəliyin sonuncu məsələsinin - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim edildiyini söyləyib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş layihə pensiya təminatı sahəsində sosial sığorta prinsiplərinin gücləndirilməsi, sosial ədalətin qorunması, pensiya təyinatının avtomatlaşdırılması və proaktiv təyinatların dairəsinin genişləndirilməsi istiqamətlərində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb.

Bildirilib ki, qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək.

Müzakirələr zamanı deputatlar sənəd barədə fikirlərini açıqlayıblar.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, 4 gündən sonra may ayının 28-də ölkəmizdə Müstəqillik Günü qeyd ediləcək. 106 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın zəngin dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynayıb. Bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərirdi.

Sahibə Qafarova Müstəqillik Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanması təklifi ilə çıxış edib.

Milli Məclis sədrinin təklifi alqışlarla qarşılanıb.

Paylaş: