4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib YENİLƏNİB

14-06-2024
IMG

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, iclasda əvvəlcə cari məsələlər müzakirə olunub. Müzakirələrdə vurğulanıb ki, iyunun 15-də Azərbaycan xalqı öz tarixinin ən şərəfli, qürurlu günlərindən birini – Milli Qurtuluş Gününü qeyd edəcək. Bildirilib ki, ölkə həyatının ağır dövründə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalqımızı baş verə biləcək faciələrdən xilas etdi. Bu baxımdan Heydər Əliyev müasir, müstəqil Azərbaycanın memarı və qurucusu olaraq hər zaman xatirələrdə yaşayacaq.

Cari məsələlərin müzakirəsinə yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova Milli Qurtuluş Günü barədə danışıb. Deyib ki, xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı, onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi.

Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 11 məsələnin daxil edildiyini söyləyib. O, ilk dörd məsələnin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı olduğunu və bu məsələlərin müzakirəsi ilə əlaqədar hökumət üzvlərinin iclasda iştirak etdiyini deyib.

Gündəliyin birinci məsələsi –üçüncü oxunuşda olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili verib. O bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 35 milyard 236,4 milyon manat təşkil edib. Dövlət büdcəsində təsdiq olunmuş 36 milyard 624,8 milyon manat xərcin 99,5%-i icra olunub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra ikinci oxunuşda olan 10 məsələ - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda, Ailə Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda Ailə Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, həmçinin Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” və “Auditor xidməti haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Paylaş: