Milli Məclisdə Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ilə görüş olub
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri, Lordlar Palatasının üzvü, Baronessa Tereza Mey ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova COP29-un əhəmiyyəti haqqında fikirlərini bildirib.
Baronessa Tereza Mey belə vacib qlobal tədbirə ev sahibliyi ilə bağlı ölkəmizi təbrik edib, 70 mindən çox nümayəndənin qatıldığı COP29-un bütün dünyanın diqqətində olduğunu deyib. Qonaq Qlazqonun da COP-a ev sahibliyi etdiyi üçün onlar bu tədbirin təşkilinin nə dərəcədə böyük məsuliyyət olduğunu yaxşı anladıqlarını xatırladıb, Azərbaycanın COP29-u yüksək səviyyədə keçirdiyini bir daha vurğulayıb.
S.Qafarova iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkə kimi Azərbaycanın hələ COP29-a sədrliyindən əvvəl ətraf mühitin qorunması, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadə məsələlərinə daim böyük diqqət göstərdiyini söyləyib. O, qonağa işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə məlumat verib.
Milli Məclisin sədri belə vacib məsələlərin müzakirə olunduğu tədbirin siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib.
Söhbət zamanı iqlim dəyişikliyi problemlərinə qarşı mübarizədə parlamentlərin vacib rolu da qeyd edilib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm təsir göstərən amillərdən biri kimi parlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb. Qonağa Azərbaycan Milli Məclisi haqqında məlumat verilib.
Eyni zamanda, gender bərabərliyi və qadın məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sahibə Qafarova deyib ki, ölkəmizdə qadın məsələlərinə xüsusi önəm verilir.
Söhbət zamanı Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar, həmçinin ölkəmizin təşəbbüsü ilə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin təşkili barədə məlumat verilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...