Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
Fhnews.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 15-də Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub.
MSK sədri seçki bülletenlərinin əsas seçki sənədlərindən biri olduğunu və vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O diqqətə çatdırıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap edilib başa çatdırılmalı, bütün proses ərzində Seçki Məcəlləsinin müvafiq müddəalarına dəqiqliklə əməl olunmalıdır. M.Pənahov, həmçinin Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 milyon 516 min 567 seçki bülleteni hazırlanacağını bildirib. MSK-nın sədri seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına paylanılması ilə bağlı zəruri tövsiyələrini də diqqətə çatdırıb.
Proseslə tanışlıqdan sonra MSK sədri Məzahir Pənahov həm seçki bülletenlərinin çapı, həm də ümumiyyətlə Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.
Qeyd etmək lazımdır ki, seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...