4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib

14-11-2024
IMG

Noyabrın 14-də COP29 çərçivəsində Yaşıl zonada Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya qeyri-hökumət təşkilatları (QHT) iqlim maliyyəsi mövzusunda ilk dəfə birgə forum keçirib.

Fhnews.az xəbər verir ki, “COP mirası - vətəndaş cəmiyyətinin iqlim maliyyəsi üzrə müzakirələri” adlı forum Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub.

Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, forum COP təcrübəsini bölüşmək, QHT-ləri nəticəyönümlü iqlim maliyyəsi müzakirələrinə cəlb etmək üçün unikal müzakirə platformasıdır.

Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Sülh Uğrunda Qlobal Şurasının sədri Ahmed Mohamed Aljarvan COP28 zamanı QHT-lərin iqlim maliyyəsi ilə əlaqədar təşəbbüslərinə toxunub, vacib məqamların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Braziliyanın Turizm Nazirliyinin Planlaşdırma, İnformasiya və Turizmin İnkişafı Departamentinin rəhbəri Barbara Blaudt Rangel qeyd edib ki, COP30 ölkəsi kimi Braziliya vətəndaş cəmiyyətinin iqlim məsələlərinə dair yanaşmalarını dinləməyə və nəzərə almağa çalışır.

Forum panel müzakirələrlə davam edib.

Bərpa Olunan Enerjilər və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairinin moderatorluğu ilə keçirilən "COP29: İqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin idarəolunması sahəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi" adlı ilk paneldə Braziliyanın İqlim Dəyişmələri Panelinin İcraçı katibi, Rio-de-Janeyro Federal Universitetinin tədqiqatçısı Andrea Souza Santos, BƏƏ-nin İqlim Şəbəkəsinin rəhbəri Raşa Bayoumi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə keçirilən “COP irsi: iqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin mühafizəsi üzrə vətəndaş cəmiyyətinin gücləndirilməsi” adlı ikinci paneldə BƏƏ-nin Sosial İnkişaf Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Əhməd Xəlifə Əl Şəmsi, Dünya Resurs İnstitutunun Braziliya üzrə iqlim direktoru Karen Silvervud-Cop, Braziliyanın ətraf mühit, sağlamlıq üzrə ictimai fəalı Ajaj Rafah təqdimatlarla çıxış ediblər.

Üçlük formatında QHT-lərin ilk dəfə bir araya gəlməsi mühüm başlanğıc kimi qiymətləndirilib. Müzakirələrdə xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçiləri COP29-un yüksək səviyyədə təşkil edilməsinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını çatdırıblar.

Paylaş: