4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb

27-05-2024
IMG

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb.

Fhnews.az xəbər verir ki, çoxcildliyin yeni kitabında toplanmış materiallar 2024-cü ilin fevral-mart aylarını əhatə edir.

Azərbaycanda fevral ayının ən mühüm hadisəsi müstəqillik dövründə ilk dəfə respublikanın bütün ərazisində prezident seçkilərinin keçirilməsi və xalqın İlham Əliyevi yekdilliklə yenidən prezident seçməsi olub. Kitabda Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbə münasibətilə bir çox dövlət və hökumət rəhbərlərinin, beynəlxalq təşkilatların və ayrı-ayrı nüfuzlu şəxslərin ona göndərdiyi təbrik məktubları toplanıb. Fevralın 14-də Azərbaycan Respublikası Prezidentinin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın həyatında yeni dövrün başlandığını bildirərək deyib: “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərdi ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik”.

Oxucular dövlətimizin başçısının nitqinin tam mətni ilə bu kitabda tanış ola bilərlər.

Çoxcildliyin yeni kitabında Azərbaycan Prezidentinin 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfəri, prezident seçkilərindən sonra qardaş Türkiyə Respublikasına ilk rəsmi səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar da yer alıb.

Prezident İlham Əliyev fevral ayında Xocalıya səfər edib, Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Bütün bunlar haqqında informasiya və dövlətimizin başçısının Xocalı sakinləri qarşısındakı çıxışının mətni yeni kitaba daxil edilib.

Mart ayında isə ölkəmizin iqtisadi həyatında mühüm tədbir - Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev şaxələndirmə haqqında Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, eyni zamanda, Avrasiyadakı geosiyasi vəziyyətin dövlətimizin gördüyü işlərin nə dərəcədə düzgün olduğunu sübut etdiyini bildirib.

Sitat: Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.

Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə, Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.

Dövlətimizin başçısının nitqinin tam mətni ilə 134-cü kitabda tanış olmaq mümkündür.

Yeni nəşrdə Azərbaycan Prezidentinin XXVII Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına, XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət məktubları, habelə müxtəlif ölkələrin dövlət və hökumət başçılarına məktublarının mətnləri də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 134-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Paylaş: