4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

İslamofobiyaya qarşı konfransın ikinci aralıq sessiyası “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” mövzusuna həsr olunub

08-03-2024

Martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” mövzusunda aralıq sessiya təşkil olunub.

Fhnews.az xəbər verir ki, sessiyaya “Əl-Cəzirə” televiziyasının aparıcısı Sami Zeydan moderatorluq edib.

Sessiyada çıxış edən Niderlandın Qroningen Universitetinin professoru Seyfəddin Kara bildirib ki, media subyektləri müəyyən məsələləri kontekstindən çıxararaq fərqli təqdim etməklə sanki müsəlmanların cəmiyyətə mənfi təsir göstərdiklərini diqqətə çatdırmağa çalışır. “2001-ci il sentyabrın 11-də törədilmiş terror aktından sonra müsəlmanlara qarşı nifrətin ideoloji şəkildə yayılmasına cəhd göstərilir, İslam və müsəlmanlar hədəfə alınır”, - deyə professor əlavə edib.

Nyu-York Şəhər Universitetinin Bruklin Kollecinin ingilis ədəbiyyatı üzrə professoru Mustafa Mohamed Bayomi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı mübarizədə uğur qazanmaq üçün sistemli iş aparılmalı, bütün məsələlər əhatə olunmalıdır. O, islamofobiya üzərindən müxtəlif manipulyasiyaların aparıldığını vurğulayaraq, bəzi media qurumlarının da bu prosesdə fəal iştirak etdiyini bildirib.

“Əl-Cəzirə” Media şəbəkəsinin rəqəmsal bölməsinin məzun strategiyası üzrə meneceri Camaluddin Mohammad Farid Elşayyal dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı ədalətsizliklərin baş verdiyini, onların sıxışdırıldığını vurğulayıb: “İslamofobiya özlüyündə yeni deyil. Məhəmməd Peyğəmbərin yaşadığı dövrdə də ona qarşı haqsızlıqlar baş verirdi”. O qeyd edib ki, ən çox vandallığa məscidlər, ümumiyyətlə, İslam dininə aid dəyərlər məruz qalır. "Hazırda rəqəmsal platformalardan istifadə edərək öz mövqeyimizi aydın şəkildə ifadə edə bilərik", - deyə menecer bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rüfət Həmzəyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi 44 günlük Vətən müharibəsi zamanı sosial mediada müharibə haqda qərəzli mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb. “Media həmin vaxt obyektlivlik, qərəzsizlik prinsiplərini unutdu. Lakin biz sosial platformada bunun qarşısını ala bildik”.

Azərbaycan əhalisinin əksəriyyətini müsəlman türklərinin təşkil etdiyini vurğulayan R.Həmzəyev əlavə edib ki, buna baxmayaraq, ölkəmiz haqsız şəkildə islamofobiya ilə bağlı tənqidlərlə üzləşir. Bir sıra ölkələrin xarici kəşfiyyat orqanları Azərbaycana qarşı təxribat xarakterli fəaliyyət həyata keçirməyə cəhd göstərirlər. Bir çox media nümayəndələri də ölkəmizlə bağlı absurd çıxışlar edir, müsəlmanları terrorçularla eyni sıraya qoymaq istəyirlər. Türk sözünü təhqiredici ifadə kimi istifadə etməyə çalışırlar.

Merilend Universitetinin kommunikasiya üzrə dosenti Sahar Mohamed Xamis bildirib ki, dünyada qaçqın və miqrant problemi, sərt etirazlar və digər arzuolunmaz proseslər islamofobiyaya təsir edir, vəziyyəti gərginləşdirir. Sosial və rəqəmsal media vasitəsilə islamofobiyaya fərqli yanaşılır. “Məsələn, Qərbdə heç də hər kəs bilmir ki, İsa peyğəmbər barədə “Qurani-Kərim”də məlumatlar yer alıb. Bu baxımdan İslama qarşı qərəzli davranışın səbəblərindən biri də məlumatsızlıqdır”, - deyə S.Xamis qeyd edib.

Kaliforniya Dövlət Universitetinin professoru Ahlam Hatem Almuhtasebin çıxışında islamofobiyanın qlobal güclər tərəfindən yetişdirildiyini və inkişaf etdirildiyini diqqətə çatdırıb. Professor bildirib ki, həmin qruplara donorlar tərəfindən milyardlarla dollar vəsait ayrılır.

Paylaş: