4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

İqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə təsirləri müzakirə olunub

24-06-2024
IMG

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev cari ilin iyunun 21-də Maltada keçirilmiş ATƏT-in Malta Sədrliyinin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransında iştirak edib.

Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, konfransda iqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə təsirləri, hazırkı durum və iqlim dəyişikliyi ilə birgə mübarizə imkanları müzakirə olunub.

Konfransda çıxış edən nazir müavini Fariz Rzayev Azərbaycanın da iqlim dəyişikliyinin təsirinə məruz qaldığını qeyd edərək bu çağırış ilə mübarizə xüsusunda görülən işlər barədə məlumat verib. Azərbaycanın ATƏT-in Nazirlər Şurası tərəfindən 2021-ci ildə Stokholmda qəbul edilmiş iqlim dəyişikliyinin törətdiyi çağırışlarla mübarizə üçün əməkdaşlığın gücləndirilməsinə dair qərarı dəstəklədiyi qeyd olunub, ölkəmizin ATƏT-in bir neçə regional layihəsində fəal iştirak etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın uzun sürən hərbi işğaldan azad edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi, burada ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiq edilməsi nəzərdə tutulur. Bu isə iqlim dəyişikliyi ilə mübarizə səylərinə töhfə verəcək.

Nazir müavini 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək ölkəmizin həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirib. COP29 ilə bağlı ölkəmizin baxışı barədə məlumat verilib, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə xüsusunda beynəlxalq səylərə töhfə verəcəyi qeyd olunub.

Konfrans çərçivəsində nazir müavini Fariz Rzayev, həmçinin ATƏT-in Baş katibi Helqa Şmit və Maltanın Xarici və Avropa İşləri və Ticarət Nazirliyinin daimi katibi Kristofer Kutajar ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: