4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Laçın şəhərində olublar

22-07-2024

İyulun 22-də Şuşa Qlobal Media Forumun qonaqları Şuşadan yenidən qurulan, abadlaşan Laçın şəhərinə gəliblər.

Fhnews.az xəbər verir ki, qonaqların Laçınla tanışlığı Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” yaradıcılıq studiyasından başlayıb.

Məlumat verilib ki, studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.

Forum iştirakçıları pavilyonda quraşdırılmış təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran dekorasiyalarına baxış keçiriblər.

Sonra qonaqlar şəhərin Seyrəngah ərazisinə gəliblər. Burada onlara işğaldan azad edilmiş ərazilərimizin coğrafiyası, mədəni irsi, Laçın şəhərinin tarixi barədə geniş məlumat verilib.

Bildirilib ki, əsrarəngiz təbiəti, qədim tarixi abidələri, həmçinin bu şəhərdə qısa müddətdə aparılan nəhəng bərpa-quruculuq işləri nəticəsində Laçın yenidən Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Paylaş: