4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

26-06-2024
IMG

Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibinin Qarabağın guya Rusiya tərəfindən Azərbaycana verilməsi ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Hikmət Hacıyev deyib: “Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ermənistan rəhbərliyi ordu sıralarında 10000 nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin senyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb.

Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir.

Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.

Paylaş: