Fransız Polineziyası: kiçik ada ölkəsinin Parisin müstəmləkəçilik siyasətinə qarşı müstəqillik mübarizəsi
Fransanın dənizaşırı əraziləri hesab olunan ölkələrdə son illər rəsmi Parisə qarşı etirazlar baş qaldırmaqdadır. Həmin ərazilərdə yerləşən ölkələr artıq Fransa zülmündən xilas olmaq və müstəqil dövlətə çevrilmək üçün qəti mübarizəyə başlayıblar. Fransanın müstəmləkəçilik siyasətindən, hüquqlarının tapdalanmasından artıq cana doyan yerli xalqlar öz ölkələrində müstəqil yaşamaq, öz müqəddəratlarını özləri müəyyənləşdirmək istəyirlər. Müstəmləkəçiliyə məruz qalan və müstəqillik arzusunda ölkələrdən biri də Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyasıdır. Bu ölkə yerli dildə Maohi Nui adlandırılır. Bəs Polineziya nə vaxtdan Fransanın müstəmləkəsinə çevrilib?
Fhnews.az xəbər verir ki, AZƏRTAC Polineziyanın tarixinə, bu ölkənin azadlıq mübarizəsinə qısa nəzər salır.
1840-cı illərdə - Fransa-Taiti müharibəsinin başa çatması (1844-1847) əvvəlcə Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun tətbiqinin başlanğıcı ilə “əlamətdar” oldu. Taiti kraliçası IV Pomare 1843-cü ildə qurulmuş Fransız protektoratını nəhayət qəbul etmək məcburiyyətində qaldı. Bir müddət sonra - 1880-ci ildə kral V Pomare Taiti Krallığını Fransaya verməyə razı oldu və bu razılaşma həmin il dekabrın 30-da imzalanan qanunla təsdiqləndi. Bu qanun krallığın bütün subyektlərinə Fransa vətəndaşlığı verirdi. Buradan da göründüyü kimi, Polineziyanın (Taiti Krallığı 1881-ci ildən Okeaniyanın fransız əraziləri (EFO), 1957-ci ildən isə Fransız Polineziyası adlanıb) Fransa tərəfindən işğalı məhz həmin illərə təsadüf edir.
Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb. Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində - 1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Belə ki, 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Belə ki, məhz nüvə sınaqları yerli əhali arasında xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub. Fransızlar əsasən 120 kilotonluq bombalardan istifadə ediblər. Müqayisə üçün qeyd edək ki, Xirosima və Naqasakiyə atılan bombaların hər biri 15-23 kiloton olub. Bundan əlavə, nüvə sınaqları zamanı bir sıra uğursuzluqlar da baş verib ki, bu da ərazidə daha geniş çirklənməyə və ağır fəsadlara gətirib çıxarıb. Ümumilikdə təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.
Bu gün yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb. Lakin Fransa dövlətinin müstəmləkəçilik xisləti özünü burada da göstərib. Belə ki, bədxassəli şişlərin müalicəsi üçün təqribən 10 min nəfərə 800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti əsasən fransızlar olub. Polineziyada yerli əhalinin cəmi 63 nümayəndəsi bu təzminatdan ala bilib. Bunun nəticəsidir ki, adalarda xərçəng xəstəliyindən ölənlərin sayı kifayət qədər çoxdur.
Fransız Polineziyasının siyasi mənzərəsi
Fransız Polineziyasının Prezidenti parlament üzvlərinin mütləq səs çoxluğu ilə seçilir. Polineziya parlamenti beş il müddətinə seçilən və yenidən seçilmək hüququ olan 57 üzvdən ibarətdir. Fransız Polineziyası 8 bölmədən ibarətdir. Hər bölmənin minimum 3 yerli təmsilçisi var. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə “Tavini Huiraatira” (müstəqillik tərəfdarları) partiyasıdır. Bu partiya ölkə parlamentində 38 yerə sahibdir. “Tapura Huiraatira” partiyası 16, bitərəflər isə 3 deputatla təmsil olunurlar.
Müstəqillik uğrunda mübarizə aparan “Tavini Huiraatira” partiyasının adı yerli dildən tərcümədə “Yerli xalqa xidmət etmək” mənasını ifadə edir. “Tavini Huiraatira” 1977-ci ildə Oskar Temaru tərəfindən təsis olunub və o, indi də partiyaya sədrlik edir. Bu partiyanın əsas məqsədi Fransız Polineziyasının müstəqilliyinin əldə edilməsidir.
Parlamentdə mütləq üstünlüyə sahib olan bu partiyanın üzvü Moetai Brotherson Fransa Polineziyasının prezidentidir. Assambleyanın sədri Antoni Geros isə partiya sədrinin müavinidir. “Tavini Huiraatira” partiyası tərəfindən müstəqillik istiqamətində növbəti addım kimi Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib.
Partiyanın missiyası üç prinsipə əsaslanır: hörmət etmək, dəstək vermək və qurmaq. “Tavini Huiraatira” ölkənin tarixinə, coğrafiyasına və mədəniyyətinə böyük önəm verir, xüsusilə də milli kimlik məsələsini daim diqqətdə saxlayır. Daim sülh çağırışları edən partiyanın bütün sosial layihələri hörmətə və ənənəvi dəyərlərə əsaslanır. Onun tərəfindən göstərilən təşəbbüslər vətəndaşlara dəstək göstərməkdən, onlar arasında həmrəyliyi gücləndirməkdən və ədalətli cəmiyyət yaratmaqdan ibarətdir. Partiya davamlı inkişafı dəstəkləmək üçün sosial və iqtisadi strukturları gücləndirmək istiqamətində mütəmadi görüşlər, əsas hədəflərdən biri olan gənclərlə iş, təhsil və innovasiya mövzularında seminarlar təşkil edir.
Ölkədə partiyaya bağlı 8 deputatdan ibarət “Tavini Huiraatira” qrupu da fəaliyyət göstərir. Hazırda qrup Səhiyyə, həmrəylik və məşğulluq komitəsinin üzvüdür. Qrupun əsas fəaliyyət istiqamətləri nüvə silahları, ətraf mühit, nəqliyyat, turizm, səhiyyə, elm, təhsil və bu kimi digər mövzular haqqında araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və xalqı məlumatlandırmaqdır. 2013-cü ildə Polineziyanın yenidən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınması məhz “Tavini Huiraatira” partiyasının nümayəndələrinin apardığı yorulmaz iş nəticəsində mümkün olub.
Xatırladaq ki, Polineziya 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınsa da, Fransanın təzyiqi nəticəsində 1947-ci ildə oradan çıxarılmışdı. Fransa bu gün də bu istiqamətdə fəaliyyət göstərir. Çünki belə güclü sosial bazaya malik partiyanın bu gün Fransız Polineziyasının həm icraedici, həm də qanunvericilik hakimiyyətində üstünlüyə malik olması Fransa dövlətini ciddi şəkildə narahat edir. Çünki Fransız Polineziyasının Parisin müstəmləkəsi altındakı digər ərazilərdən fərqi ondadır ki, Fransa yerli əhalinin assimilyasiyasına nail ola bilməyib. Məhz bunun nəticəsidir ki, Fransanın Yeni Kaledoniyada etnik icmalar arasında tətbiq etdiyi “parçala və hökm sür” siyasətini burada həyata keçirə bilmir. Buna baxmayaraq, Fransa alternativ yollar taparaq dini icmalara təsir göstərməyə çalışır. Belə ki, Polineziya əhalisi əsasən protestant və katolikdir. Çoxluq təşkil edən protestantların əksəriyyəti müstəqillik tərəfdarıdır, katoliklərin əksəriyyəti isə bunun əleyhinədir. Polineziyanın adalardan ibarət olmasından sui-istifadə edən Fransa hökuməti katoliklərin çoxluq təşkil etdiyi adalarda rəhbər şəxsləri müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışır.
“Tavini Huiraatira” partiyası ölkənin müstəqilliyinin bərpası istiqamətində fəaliyyətini xarici platformalarda da davam etdirir. Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasında iştirak edən tərəflərdən biridir. Bu partiyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrinə təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər. Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb. Memorandum gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində mühüm addım olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yol xəritəsi funksiyasını daşıyır.
Qeyd edək ki, “Tavini Huiraatira” partiyasının rəhbər heyəti və nümayəndələrinin mayın 29-dan iyunun 2-dək Bakıya səfərləri çərçivəsində yeni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Nümayəndə heyəti Milli Məclisdə Fransız Polineziyasına dair elmi konfransa da qatılacaqlar.
Polineziyanın müstəqilliyinin əsasları BMT qətnamələrində təsbit olunub
BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransanın Okeaniyadakı dənizaşırı ərazilərindən olan Fransız Polineziyası 1946-cı ildə BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına daxil edilib. Lakin yerli əhalinin razılığı olmadan 1947-ci ildə Fransız Polineziyası həmin siyahıdan çıxarılıb. Fransız Polineziyasının müstəqillik uğrunda mübarizə aparan qüvvələrinin fəaliyyəti nəticəsində 2013-cü il mayın 17-də Polineziya yenidən BMT-nin “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına salınıb. Lakin Fransa bu qərara hələ də məhəl qoymur, BMT-nin Dördüncü Komitəsinin (Xüsusi siyasi və dekolonizasiya məsələləri) və Dekolonizasiya üzrə xüsusi komitənin - C24-ün iclaslarını sistemli şəkildə boykot edir. Belə ki, bu il mayın 13-15-də Venesuelanın Karakas şəhərində keçirilən C24-ün iclasında Azərbaycanın iştirak edəcəyini öyrənən Fransa bu dəfə tədbirdə səfir səviyyəsində təmsil olunub.
BMT Baş Assambleyası 2013-cü ildən etibarən hər il Fransız Polineziyası ilə bağlı qətnamələr qəbul edir. 2014-cü ildən bəri isə Fransız Polineziyası barəsində BMT-nin Baş Assambleyası, Dördüncü Komitə, C-24, həmçinin İqtisadi və Sosial Şuranın (ECOSOC) hesabatları əsasında illik məruzə sənədi nəşr olunur.
Fransız Polineziyasının müstəmləkəçilikdən azad olunması məsələsi ilə əlaqədar BMT Baş Assambleyasının “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsinin həyata keçirilməsinə dair son on ildə 11 qətnamə qəbul olunub.
BMT Baş Assambleyası təşkilatın Nizamnaməsinin XI fəslinə uyğun olaraq, 1960-cı il 14 dekabr və 2013-cü il 17 may tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnamələrində Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etməsini və müstəqillik qazanmasını onun əsas hüququ kimi təsdiqləyib. Sözügedən qətnamələr rəhbər tutularaq, Fransız Polineziyasının “Dekolonizasiya edilməli olan ərazilər” siyahısına uyğunluğu qəbul edilib. Lakin Nizamnamənin 73-cü maddəsinə və “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannamənin qəbulundan 63 il keçməsinə baxmayaraq, ərazinin hələ də Fransa hökuməti tərəfindən idarə olunmasına dair narahatlıq ifadə edilir. Beləliklə, BMT-nin Nizamnaməsinə və Baş Assambleyanın “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməni əks etdirən 1514 (XV) saylı qətnaməsinə uyğun olaraq, Fransız Polineziyası xalqının öz müqəddəratını təyin etmək hüququ var. Bu sənədlər Fransız Polineziyasının azadlıq mübarizəsinin beynəlxalq hüquqi əsaslarını təşkil edir.
Mühüm beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyü statusundan da istifadə edərək adalardakı kolonial maraqlarını inadkarlıqla davam etdirir. Fransanın Polineziyanı əlində saxlamaq üçün ciddi cəhdlər göstərməsi bu ölkənin müstəmləkəçi tarixindən, müxtəlif xalqların hüquqlarına laqeyd münasibətindən, həmçinin müstəmləkəsi altında olan ölkələrin sərvətləri hesabına varlanmaqda davam etmək niyyətindən qaynaqlanır. Lakin yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyasının müstəqillik mübarizəsində uğur qazanacağına ümidləri artırır.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...