Elçin Əmirbəyov: Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik
Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir.
Fhnews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu fikirləri ABŞ-ın “İnternational Policy Digest” nəşrində dərc olunmuş bir məqalədə yer alıb.
Məqalədə diqqətə çatdırılıb ki, müsəlman ölkəsi olsa da, Azərbaycan müsəlman, xristian və yəhudi vətəndaşlarının təmsil olunduğu hökumət və təhsil sistemi qurub, bununla fəxr edir. Yazının müəllifi Krişna Naq məqaləsində Şərqlə Qərbi birləşdirən tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Azərbaycanın əsrlər boyu qonaqpərvərliyin çırağı olduğunu yazıb.
Azərbaycanda bütün dinlərin təmsilçilərinin azadlıqlarına toxunan jurnalist bu mənada ölkəmizi hamıya nümunə göstərib. Bildirib ki, Azərbaycan mürəkkəb regionda yerləşsə də, öz identikliyini qoruyub. Hətta Roma Papası belə həmişə Azərbaycan haqqında yüksək fikirlər səsləndirib.
Bütün bunlara baxmayaraq, Azərbaycanın gözlənilmədən sanki cəzalandırıldığını, müəmmalı bir addımla İran, Pakistan və Səudiyyə Ərəbistanı kimi dövlətlərlə yanaşı, dini etiqad azadlığına nəzarət siyahısına daxil edildiyini bildirən jurnalist ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının Qarabağda xristian irsinin qorunub saxlanması ilə bağlı narahatlığını bəyan etdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan buna açıq cavab verib. Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu media orqanına müsahibəsində bildirib: “Biz bu əsassız və qərəzli qərardan təəssüf edir və onu rədd edirik!”. E.Əmirbəyov, həmçinin bir sıra digər mühüm məqamlara toxunub, o cümlədən də Roma Papası Fransiskin 2016-cı ildə Bakıya səfəri haqqında danışıb. Deyib ki, Roma Papası Azərbaycanın dini harmoniyasını tərənnüm edib. Azərbaycanın izlənilən ölkələr siyahısına salınması çaşdırıcıdır. Beynəlxalq hüquq Qarabağı və onun ətrafındakı rayonları hər zaman Azərbaycan ərazisi kimi tanıyıb. BMT-nin Ermənistanın həmin ərazilərdən geri çəkilməsini tələb edən qətnamələrinə baxmayaraq, işğal onilliklər boyu davam edib. Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını bu yaxınlarda geri qaytarıb.
Xüsusi tapşırıqlar üzrə nümayəndə deyib ki, Qərbdən olan müşahidəçilər, o cümlədən “L’Institut Prospective et Sécurité en Europe”dan Emmanuel Düpüi uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mədəniyyət abidələrinin təhqir edilməsini, dağıdılmasını görüb və pisləyiblər. Onilliklər ərzində Qarabağdakı Azərbaycan mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb, mənimsənilib və məhv edilib.
Elçin Əmirbəyov ABŞ-ın tərtib etdiyi bu siyahıda Ermənistanın yer almamasının ədalətsizlik olduğunu söyləyib və bunu ikili standartlar siyasətinin nəticəsi kimi dəyərləndirib. O, Azərbaycanın ərazilərini azad etdikdən sonra bütün mədəni və dini obyektləri qorumaq üçün üzərinə düşənləri yerinə yetirdiyi halda da qınanmasının yolverilməz olduğunu diqqətə çatdırıb. Bildirilib ki, həmçinin Azərbaycan ABŞ Komissiyasının hesabatında potensial qərəzlilik hiss edir və onun müəlliflərindən biri Danielle Saroyan Aşbahianın erməni müdafiə qrupları ilə əlaqəsi olduğunu bildirir. Eyni zamanda, ABŞ-ın bu məsələdəki mövqeyi narahatlıq doğurur. Bu mövqe dünyəvi müsəlman kimliyi olan, lakin bununla yanaşı, həm də Qərbi tanıyan ölkə kimi regional münaqişələrdə potensial vasitəçi ola biləcək Azərbaycanı bu istiqamətdə kənara qoymaq riski yaradır. Azərbaycanın Ermənistana qarşı son sülh təklifləri bu potensialı bir daha göstərir.
Sonda yazıda qeyd olunub ki, dünyanın tolerantlığa can atdığı bir şəraitdə Azərbaycan kimi strateji tərəfdaşdan uzaqlaşmaq əks effekt verir. Bunun əvəzində isə Qərb Azərbaycanın zəngin dini plüralizm təcrübəsindən istifadə edərək, Yaxın Şərqdə və başqa yerlərdə daha ahəngdar mövcudluq üçün səylər göstərsə, daha uğurlu alınar və faydalı olar.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...