4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Ceyhun Bayramov Küveyt səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

10-09-2024
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Nazir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdullah Mohamed Abdullah Almauidiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Cari ildə dost və qardaş Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Hökumətlər səviyyəsində əlaqələrin məntiqi nəticəsinin özünü xalqlarımız arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımda biruzə verdiyi bildirilib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə Küveyt tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

Səfir Abdullah Mohamed Abdullah Almauidi Azərbaycandakı diplomatik fəaliyyətinin yekunlaşması ilə əlaqədar qəbula, habelə xoş arzulara görə təşəkkür edib, Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: