4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Ceyhun Bayramov BMT-nin regional direktoru ilə COP29-a hazırlıq işlərini müzakirə edib

29-07-2024
IMG

İyulun 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın uzun illər BMT, xüsusilə onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əməkdaşlıq gündəliyində xüsusi yer tutduğu, Azərbaycanın az sayda ölkələrdən biri kimi dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd olunub. Postmünaqişə dövründə üzləşdiyimiz ən mühüm təhlükəsizlik çağırışlarından biri olan mina təhdidi ilə mübarizədə humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunduğu, eyni problemin bir çox ölkə üçün aktuallığını nəzərə alaraq, bu təşəbbüsün BMT çərçivəsində davamlı olaraq təşviq edildiyi bildirilib.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, habelə ətraf mühitin qorunması istiqamətini uzun illərdir təşviq etdiyi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində yaşıl texnologiyaların, o cümlədən “ağıılı kənd”, “ağıllı şəhər” konsepsiyalarının tətbiqinin bunun göstəricisi olduğu qeyd edilib.

Cari ilin ölkəmizin COP29 sədrliyi ilə əlamətdar olduğunu bildirən nazir Ceyhun Bayramov, bu istiqamətdə BMT ilə əməkdaşlığımızın daha da genişlənməsinin sevindirici hal olduğunu qeyd edib. Qlobal təhdidlərlə mübarizədə göstərdiyimiz bütün səylər kimi COP29 sədrliyimizin də inklüziv və nəticəyönümlü proses olmasına əhəmiyyət verdiyimiz diqqətə çatdırılıb.

Ölkəmizin, həmçinin 2026-cı ildə Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi qeyd olunub.

Qarşı tərəf Azərbaycanın COP29 sədrliyinə hazırlıq üçün məhdud vaxtının olmasına baxmayaraq, indiyədək əldə olunan nəticələrin təqdirəlayiq olduğunu vurğulayıb.

BMT-nin Azərbaycanın möhkəm çoxtərəfliliyin təşviqində aktiv iştirakını, habelə innovativ və yaradıcı yanaşma sərgiləməsini alqışladığı diqqətə çatdırılıb. Proses çərçivəsində iqlim dəyişikliyinin regional nəticələri, xüsusilə su ehtiyatları ilə bağlı risklərin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: