Cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, ilk növbədə, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir. Bu istiqamətdə lazımi addımlar atıldıqdan və zəruri işlər görüldükdən sonra seçici siyahıları aidiyyəti üzrə aşağı seçki komissiyaları tərəfindən təsdiqlənir və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilir. Sözügedən prosesə bütövlükdə may ayının 30-dək yekun vurulur.
Fhnews.az bər verir ki, cari il seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılması 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsinə təsadüf etdiyindən, MSK vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyan seçici siyahılarının dəqiqləşdirilməsini əsas prioritetlərdən biri kimi diqqətdə saxlayaraq prosesləri daha da intensivləşdirdi və qanunvericiliyin tələblərinə uyğun qaydada ardıcıl, sistemli tədbirlər həyata keçirdi. Belə ki, seçici siyahılarının dəqiqləşdirilməsi müddətində fərqli üsullarla silsilə təşviqat kampaniyası gerçəkləşdirildi, MSK-nın hazırladığı video və audio çarxlar televiziya və radio yayımçıları, Komissiyanın rəsmi internet səhifəsi, onlayn media portalları və sosial media platformaları vasitəsilə müntəzəm nümayiş etdirilərək geniş miqyasda ictimailəşdirildi. O cümlədən birgə layihə çərçivəsində ilk dəfə “ASAN xidmət” mərkəzlərində yerləşən smart monitorlara seçici siyahılarına dair xidmət əlavə olundu ki, bu effektiv vasitə seçicilərə öz məlumatlarını yoxlamaq, düzəlişlərə ehtiyac yarandıqda yerindəcə sadə üsulla operativ şəkildə MSK-ya müraciət ünvanlamaq, habelə səs verəcəkləri məntəqəyə dair informasiya əldə etməyə imkan yaratdı. Sadalanan məqsədyönlü layihələrlə yanaşı, dəqiqləşdirmə prosesində seçicilərin fəallığı, informasiya-kommunikasiya texnologiyalarının və media qurumlarının imkanlarından geniş istifadə olunması da görülən işlərin səmərəliliyinin yüksəldilməsində və siyahıların daha təkmil hazırlanmasında əhəmiyyətli rol oynadı. Onu da qeyd etmək lazımdır ki, aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvünün cəlb olunduğu dəqiqləşdirmə prosesi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılırdı.
2024-cü il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin başa çatması ilə əlaqədar MSK üzvləri media mənsublarının da iştirakı ilə mayın 27-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının cari il üzrə yenidən tərtib edilmiş variantı və saxlanma şəraiti ilə yaxından tanış olublar. MSK-nın İnformasiya mərkəzinin zalında əyani şəkildə keçirilən təqdimat mərasimində Komissiya üzvləri və media təmsilçiləri seçici siyahılarının tərtib edilərək dəqiqləşdirilməsində dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdirilən proqram təminatları barədə ətraflı məlumatlandırılıb.
Təqdimat mərasimindən sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib və 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi məsələsinə baxılıb. Komissiya sədri seçici siyahılarının dəqiqləşdirməsi istiqamətində reallaşdırılan məqsədyönlü fəaliyyətlə bağlı əsas məqamları iclas iştirakçılarının diqqətinə çatdırıb, eyni zamanda, prosesə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.
İclasda 2024-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərara alınıb. Hazırda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 326 min 764 seçici daxil edilib ki, onların da 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.
MSK-nın iclasında digər məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul olunub. Belə ki, Komissiyanın 2024-cü il 2 may tarixli iclas protokolu təsdiq edilib, bir sıra yeni normativ-hüquqi aktların qəbul olunması və qanunvericilikdə edilən son dəyişikliklərlə əlaqədar olaraq “Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə qərar ləğv olunub, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...