Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb
Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi və Belçikadakı Brüssel Diplomatik Akademiyasının təşkilatçılığı ilə "Mina probleminin qarşısının alınması: Ətraf mühitə təsirləri və cavab siyasəti" mövzusunda konfrans keçirilib.
Fhnews.az xəbər verir ki, konfrans mina təsirinə məruz qalmış Azərbaycan, Kamboca, Çad və Kolumbiya kimi ölkələrin nümayəndələrini, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı kimi donor təşkilatların təmsilçilərini, mina əleyhinə mütəxəssisləri, həmçinin Brüsseldə akkreditə olunmuş diplomatik korpusun üzvlərini, akademik və biznes dairələrindən 50-dən çox iştirakçını bir araya gətirib.
Konfransın məqsədi minaların həm insan həyatına, həm də ətraf mühitə təsirlərini müzakirə etmək olub. Hərtərəfli yanaşmanın vacibliyinə diqqət çəkilən konfransda təcili humanitar məsələlərlə yanaşı, uzunmüddətli ekoloji təsirlərin də nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə Azərbaycanda mina probleminin həllində beynəlxalq əməkdaşlığın və dəstəyin əhəmiyyətli rol oynadığı bildirilib, minatəmizləmə və ətraf mühitin bərpası üçün innovativ yanaşmaların önəmi qeyd edilib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov tədbirdə çıxış edərək ölkəmizin üzləşdiyi mina problemi, onun insanların həyat və sağlamlığına, ətraf mühitə, ekoloji tarazlığa yaratdığı təhdidlər barədə məlumat verib, bu təhlükənin dayanıqlı inkişaf istiqamətində səylərə mane olduğunu diqqətə çatdırıb. Azərbaycanın 2024-cü ildə COP29-a sədrlik edəcəyini bildirən V.Süleymanov qlobal humanitar və ekoloji problemlərdən biri olan mina təhlükəsinin ətraf mühitə təsirlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər, tətbiq olunan metodologiyalar, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti ilə əlaqəli şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinə dair geniş təqdimat edib.
Qeyd edək ki, mina probleminin təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ölkəmizdə genişmiqyaslı minatəmizləmə əməliyyatları, ictimaiyyəti minaların təhlükələri haqqında məlumatlandırmaq üçün maarifləndirmə kampaniyaları və mina qurbanlarına dəstək, reabilitasiya tədbirləri həyata keçirilir. Ərazilərin minalardan təhlükəsiz və səmərəli şəkildə təmizlənməsini təmin etmək üçün qabaqcıl minatəmizləmə texnologiyaları və üsulları tətbiq olunur.
Tədbir çərçivəsində, həmçinin Belçikanın ölkəmizdə icra edilən humanitar minatəmizləmə əməliyyatlarına həmin ölkədə qeydiyyatdan keçmiş APOPO beynəlxalq qeyri-hökumət təşkilatı vasitəsilə 250 min avro məbləğində yardımı ilə bağlı mərasim keçirilib. Mərasimdə Belçikanın və Azərbaycanın Xarici İşlər nazirliklərinin, eyni zamanda, APOPO-nun nümayəndələri çıxış edib, belə yardımların əhəmiyyəti vurğulayıblar.
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı 2023-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), iki beynəlxalq QHT - Mina Məsləhət Qrupu (MAG) və APOPO ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə yeni layihəyə start verib. Avropa İttifaqından maliyyə dəstəyi alan layihə Azərbaycanda mina təhlükəsini azaltmaq səylərinə kömək məqsədi daşıyır.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...