Britaniyanın xarici işlər üzrə dövlət katibi Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı atılan addımlar barədə məlumatlandırılıb
İyulun 18-də Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Krallıq arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri və perspektivləri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesinin cari vəziyyəti müzakirə edilib.
Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün sahələrdə, xüsusilə də energetika, təhsil, humanitar əlaqələr kimi istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, ölkəmizin mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallığın şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyi, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcud olduğu bildirilib.
Bununla yanaşı, ölkələrimiz arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, bu sahədə Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər təqdir olunub. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.
Azərbaycanın üzləşdiyi mina təhdidi nəzərə alınaraq, humanitar minatəmizləmə sahəsində ölkəmizə dəstəyin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı atılan addımlar, ölkəmizin Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Ermənistanla danışıqlarda sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu diqqətə çatdırılıb.
“Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Birləşmiş Krallığın Baş nazirinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi üçün səy göstərilməsinə görə nazir Ceyhun Bayramov tərəfindən təşəkkür ifadə olunub, məhz Ermənistan tərəfindən imtina səbəbinə görə bu görüşün baş tutmamasının sülh prosesinə töhfə vermədiyi qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...