4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

BMTM azərbaycanlı qaçqınların Ermənistana qayıdışı ilə bağlı məruzə hazırlayıb

22-05-2024
IMG

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən azərbaycanlıların Ermənistandan deportasiyasının təhlili və doğma yurdlarına qayıdışı ilə bağlı siyasi təklifləri ehtiva edən “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” sərlövhəli məruzə dərc edilib.

Fhnews.az xəbər verir ki, BMTM-dən verilən məlumata görə, məruzədə hərtərəfli yanaşmanı təmin etmək üçün vacib aspektlər müəyyənləşdirilib. Bura azərbaycanlıların qayıdacağı ərazilərin koordinatları, onların təhlükəsizlik və sosial inteqrasiyasını təmin edəcək mexanizmlər, insan və konstitusion hüquqlarının ədalətli tətbiqi məqsədilə Ermənistan hökuməti ilə münasibətlər qurulması kimi məsələlər daxildir.

Qeyd edilir ki, paralel vacib aspektlərdən biri də azərbaycanlıların Ermənistanın siyasi və sosial həyatında iştirakının təmin edilməsidir. Sözügedən amillər nəzərə alındığı halda azərbaycanlıların Ermənistana qayıdışı prosesinin icrasına məsul komitənin yaradılması zərurətə çevriləcək.

Məruzə 5 bölmədən ibarətdir. Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın 1918-1920-ci illəri əhatə edən birinci, 1948-1953-cü illəri əhatə edən ikinci, 1987-1991-ci illəri əhatə edən üçüncü mərhələləri barədə detallı məlumat verilir. İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir.

Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı 4 mümkün siyasi həll istiqamətləri - azərbaycanlı qaçqınlara təzminat ödənilməsi, azərbaycanlı qaçqınlar üçün sosial proqramların həyata keçirilməsi, həmçinin Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir. Dördüncü bölmə əvvəlki bölmədə qeyd edilən təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir. Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür.

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən üç il keçməsinə baxmayaraq, XX əsrdə Ermənistandakı doğma yurdlarından sistematik olaraq deportasiya edilmiş azərbaycanlı qaçqınların qayıdışı məsələsi həll edilməmiş olaraq qalır. Azərbaycan hökumətinin diplomatik arenadakı cəhdlərinə baxmayaraq, Ermənistan hökuməti sözügedən mövzu ilə bağlı rəsmi Bakı ilə əməkdaşlıq etməkdə istəksizliyini davam etdirir. Azərbaycan tərəfi hesab edir ki, repatriasiya konsepsiyası sülh prosesinin vacib tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Həm rəsmi İrəvanın sözügedən mövzu ilə bağlı ritorikası və fəaliyyətsizliyi, həm də beynəlxalq siyasi dairələrin və ekspertlərin ancaq etnik ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıdışı ilə bağlı məsələni qaldıraraq, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların taleyini görməzdən gəlməsi sülh prosesinin effektivliyini təhdid altına alır.

Linkə keçid edərək məruzə ilə tanış olmaq mümkündür.

Paylaş: