4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Beynəlxalq konfransda Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terroru barədə məlumat verilib

12-09-2024
IMG

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İtaliyanın Latsio vilayətində keçirilən “Hüquqların təminatçısı kimi Ombudsmanın rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib.

Fhnews.az xəbər verir ki, dünya ölkələrində heç bir ayrı-seçkilik olmadan insan hüquqlarına hörməti təşviq etmək məqsədilə keçirilən tədbirə 50-dən çox ölkənin ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri, həmçinin nümayəndələri qatılıblar.

Konfransda “Qlobal böhranlar zamanı insan hüquqları. Ombudsmanın rolu” adlı sessiyada çıxış edən ombudsman S.Əliyeva hazırda dünyanın həm insan hüquqlarına, həm də ətraf mühitə təsir göstərən mühüm qlobal problemlərlə üzləşdiyini bildirib.

İqlim dəyişikliyi kontekstində insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin ombudsmanın, milli insan hüquqları institutlarının fəaliyyətində prioritet məsələlərdən birinə çevrildiyini bildirən S.Əliyeva Azərbaycanın Ombudsman təsisatı tərəfindən müvafiq sahədə çoxsaylı tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğala məruz qaldığını qeyd edən müvəkkil həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ziyan vurulduğunu, ekosidin törədildiyini bildirib.

Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan bəhs edən ombudsman həmin minaların vətəndaşların həyatına və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb. Eyni zamanda, qeyd edilib ki, mina partlayışları regionda ekoloji tarazlığın pozulması ilə də nəticələnir.

S.Əliyeva Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən daha səmərəli istifadə istiqamətində müxtəlif Dövlət proqramlarının, strategiyaların və milli fəaliyyət planlarının həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.

Cari il ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan S.Əliyeva tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyini söyləyib.

Paylaş: