Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistana səfər edib
Avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Ş.Mustafayev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.
Görüşdə bildirildi ki, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətləri bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açaraq, onları ən yüksək səviyyəyə qaldırıb.
Eyni zamanda, səfər əsnasında keçirilmiş Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında qəbul edilən qərarların əhəmiyyəti vurğulandı, dövlət başçıları tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün iki ölkənin hökumətlərinin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olundu.
Hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair yeni beşillik Yol Xəritəsinin tərtib edilməsi və imzalanması dövlət başçıları tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri kimi dəyərləndirildi.
Azərbaycan və Özbəkistan tərəfindən müxtəlif sahələrdə, xüsusilə investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, neft-qaz sahələrində həyata keçirilən birgə layihələrin uğurlu nəticələri təqdir edildi.
Azərbaycan Prezidentinin dövlət səfəri zamanı bir çox yeni istiqamətlər üzrə birgə layihələrə başlanılmasının əhəmiyyəti vurğulandı.
İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişaf dinamikasından məmnunluq ifadə olundu, cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 28 faiz artdığı bildirildi.
Eyni zamanda, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək, 2024-cü ilin ilk yarısında iki ölkə arasında tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artdığı məmnunluqla qeyd olundu.
Yeni açılan “Termez” Beynəlxalq Ticarət Mərkəzinin ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Səfər zamanı Şahin Mustafayev, həmçinin Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb.
Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edildi.
Diqqətə çatdırıldı ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.
İki ölkə arasında ticarət-iqtisadi və sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri müzakirə edildi, müvafiq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olundu. Tərəflər, həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək, “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd etdilər.
“Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...