4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir

15-09-2024
IMG

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad etməklə mühüm xilaskarlıq missiyası həyata keçirdi. Həmin hadisədən üç il əvvəl isə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmış, o torpaqda şəhadətə qovuşmuşdular. Babalarımızın miras qoyduğu bu qardaşlıq sonrakı illərdə yeni məzmunla zənginləşərək bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin taleyində mühüm amil olub.

Fhnews.az xəbər verir ki, AZƏRTAC Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 106-cı ildönümündə həmin hadisələrin mühüm məqamlarına və bu zəfərin fonunda çağdaş dövrün mənzərəsinə nəzər salır.

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Rusiya hərbçiləri silahlarını həmin vaxta qədər Anadoluda, Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. O zaman daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə divan tuturdu. 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını nə Transqafqaz Komissarlığı, nə də Transqafqaz Seymi ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi və bu səbəbdən də Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. Həmçinin dövlətin müstəqilliyini müdafiə etməyə qadir milli hərbi qüvvələr tam formalaşmamışdı. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycanın müstəqillik əldə etməsi bu ölkələrin marağına uyğun deyildi.

Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə 1918-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir şəraitdə Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərdi. Beləliklə, Azərbaycanın milli hərbi qüvvələri də daxil olmaqla Qafqaz İslam Ordusu yaradıldı. 1918-ci il mayın 9-da Təbrizə, on bir gün sonra isə Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərk-silah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi.

Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Şəhər sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu, Azərbaycan tarixinə möhtəşəm qələbə və türk qardaşlığının təntənəsi kimi yazıldı.

Türkün tarixdə dönüş yaradan zəfərləri

Türkün şanlı tarixini vərəqlədikcə müxtəlif dövrlərdə baş verən və qələbə ilə nəticələnən hadisələr arasında bir ümumi cəhəti görmək olur: tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda, ədalətin, sülhü bərqərar etməyin, dinc yanaşı yaşamağın təntənəsidir. 1071-ci ilin avqust ayında Malazgird döyüşündə səlcuqlu igidlər dünyaya meydan oxuyan Bizans ordusunu məğlub etdilər və Anadolunun qapıları türklərin üzünə açıldı. 1453-cü il mayın 29-da İstanbulu fəth etmiş Sultan II Mehmet bölgəyə əmin-amanlıq gətirdi.

Türk tarixinin şərəf zirvəsi olan Çanaqqala döyüşü isə Birinci Dünya müharibəsinin gedişini dəyişdi. Antanta ittifaqı Osmanlı dövlətinin paytaxtı İstanbulu ələ keçirərək boğazları idarə etmək istəsə də, niyyəti baş tutmadı. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüş tarixə Çanaqqala zəfəri kimi həkk olundu. Bu şanlı zəfərin qazanılmasında azərbaycanlılar da yaxından iştirak etdilər və Çanaqqalada şəhid oldular.

XXI əsrdə isə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazandığı Qarabağ Zəfəri türkün tarixinə daha bir şanlı səhifə yazdı: Ermənistan kapitulyasiya aktını imzaladı və torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 106 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Müharibənin ilk saatlarından Türkiyə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işinə öz dəstəyini verdi, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan etdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə Türkiyə liderinin, türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi.

Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədir

Milli, tarixi və məntiqi əsaslara söykənən “Bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz əksini tapır. Xatırladaq ki, Türkiyədə Çanaqqala Zəfərinin 100 illiyini (2015-ci il) və Azərbaycanda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü (2018-ci il) qardaş ölkələrin liderləri birlikdə qeyd ediblər. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsi münasibətilə keçirilən Zəfər paradında iştirakı Türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirdi.

Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.

 

İki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı ilk kömək əlini uzadan Azərbaycan oldu. Bu barədə qardaş ölkənin lideri deyib: “Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram”.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirməklə respublikanın bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Həmin əməliyyatların keçirildiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Qarabağın Azərbaycan torpağı olduğunu, Azərbaycanın ərazi bütövlüyünə dair atdığı addımları Türkiyənin dəstəklədiyini bir daha bəyan etdi. Bu məqamda Azərbaycan Prezidentinin 2023-cü il sentyabrın 20-də sosial şəbəkələrdəki paylaşımından bu sətirləri yada salmaq yerinə düşər: “Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik”.

Həmin hadisələrdən beş gün sonra – sentyabrın 25-də Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi. İki ölkənin liderləri İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoydular. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” iki ölkə arasında əlaqələri daha da genişləndirən yeni istiqamətlərdir.

Bu ilin fevral ayında Azərbaycan Respublikasının bütün suveren ərazilərində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn Prezident İlham Əliyev ilk rəsmi səfərini də Türkiyəyə etdi. Həmin səfər çərçivəsində liderlərin mətbuata birgə bəyanatı zamanı Rəcəb Tayyib Ərdoğan “Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik” deyə bildirdi, Azərbaycanın Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev inşa etdiyini və 799 iş yeri yaratdığını, “Azərbaycan bulvarı”nda həyata keçirilən işləri xüsusi vurğuladı.

Xatırladaq ki, sentyabrın 11-də Kahramanmaraşda açılmış Heydər Əliyev adına ibtidai məktəb dostuq və qardaşlığın daha bir rəmzidir. Tezliklə qapılarını Bakıda tələbələrin üzünə açacaq Türkiyə-Azərbaycan Universiteti isə iki ölkənin müvafiq qurumlarının birlikdə idarəetməsi ilə yeni universitet modelidir.

Türkiyə və Azərbaycan qardaşlığının rəmzi - Türk Şəhidliyi abidəsi

Türkiyə-Azərbaycan qardaşlığı XX əsrin ikinci onilliyinin qanlı müharibələrinə, mürəkkəb siyasi proseslərinə birgə sinə gərdi və zaman-zaman daha da möhkəmləndi. Azərbaycan paytaxtının ən hündür yerlərindən birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, silah qardaşlığımızın rəmzi sayıla bilər. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda, iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə bir dastan yazaraq, Türkiyə və Azərbaycan qardaşlığının rəmzinə çevrildilər.

1918-ci ildə işğaldan azad edilən Bakı müasir dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir, postmüharibə dövrünün gündəliyini Azərbaycan Prezidenti İlham Əliyev diktə edir. Bu və digər tarixi məqamlar bütün Türk dünyasını qürurlandırır və sevindirir. Bugünkü reallıqlar, həmçinin Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının həyatiliyini bir daha təsdiqləyir.

Paylaş: