4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib  YENİLƏNİB 

22-08-2024
IMG

Avqustun 22-də Bakıda “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

 Fhnews.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adasına həsr edilib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilən konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayre xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, tədqiqatçılar iştirak ediblər.

Dünyada hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin və xalqların olduğunu bildirən BTQ-nin icraçı direktoru Qoşulmama Hərəkatının fəal üzvü kimi Azərbaycanın əzilən, əziyyət çəkən xalqların yanında olduğunu vurğulayaraq deyib: “Bakı Təşəbbüs Qrupu olaraq biz müstəmləkəçilikdən zərər görən bütün xalqların müstəqillik uğrunda mübarizəsinə dəstək verməyi hədəfləyirik”.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu indiyədək beynəlxalq ictimaiyyətin Fransanın müstəmləkəçilik siyasətinin nəticələri ilə bağlı informasiyaya malik olması üçün çox vacib işlər həyata keçirib. A.Abbasov vurğulayıb ki, təşkilat Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qvadelupa, Fransız Qviana, Korsika kimi yerlərdə Fransanın müstəmləkəçilik siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində əzmlə çalışıb.

“Hesab edirik ki, Bonayre xalqının öz müqəddəratını təyin etmək hüququ əsasdır və buna görə də təmin olunmalıdır", - deyə moderator qeyd edib.

Tədbirdə çıxış edən Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar bildirib ki, biz səsimizi gücləndirmək, eyni zamanda, ədalətin, sadəcə, ideal deyil, hamı üçün reallıq olmasını təmin etmək üçün qlobal ictimaiyyətin dəstəyinə və anlayışına inanırıq.

Məqsədlərinə çatmaqda onlara kömək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacları olduğunu söyləyən Davika Bissessar qeyd edib: “Bu gün biz bütün dünyaya çox vacib bir mesaj veririk ki, kiçik icmaların hüquqları da böyük xalqların hüquqları qədər həyati əhəmiyyət daşıyır”.

Beynəlxalq konfransın təşkilində dəstəyə görə Bonayre xalqı adından Azərbaycan hökumətinə, Bakı Təşəbbüs Qrupuna, xüsusi qonaqpərvərlik üçün isə xalqımıza təşəkkürünü ifadə edən Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finis Bonayre dilinin Karib regionunda müstəmləkə siyasətindən qurtulmağı bacaran və mövcudluğunu qoruyub saxlayan iki dildən biri olduğunu diqqətə çatdırıb. “Bonayre xalqı tarixində ilk dəfədir ki, indiki və gələcək nəsillərin hüquqları uğrunda mübarizə naminə bu beynəlxalq konfransda öz sözünü söyləyə bilir”, - deyə Ceyms Finis qeyd edib.

Sonra Bakı Təşəbbüs Qrupunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Müstəmləkəçilikdən əziyyət çəkən ölkəsinin problemlərindən danışan Bonayrenin nümayəndə heyətinin üzvü, “Radio Vision FM”in rəhbəri Albertiko Canqa diqqətə çatdırıb ki, adadakı təhsil sistemi gəncləri o həddə çatdırır ki, onların hamısı təhsil almaq üçün xaricə gedirlər.

A.Canqanın sözlərinə görə, tələbələrin əksəriyyəti Niderlanda gedir. Həmin gənclər müqəddəs torpaqlarına qayıdanda belə, onlara öz adalarında deyil, Niderland iqtisadiyyatına dəstək olmaq üçün xaricdə iş təklif olunur.

Gənc fəal Zahit Teadora da ölkəsindəki Niderland məktəb sisteminin törətdiyi fəsadlardan danışıb, bu sistemin vətəndaşların şüuruna təsir etmək, onlara işçi, kölə olmağı öyrətmək üçün istifadə olunduğunu vurğulayıb.

Xalqı üçün yaran böyük təhlükədən bəhs edən gənc fəal deyib: “Bizə ciddi kömək lazımdır. Niderlanddakı məhkəmə sistemi də bir çox uşaqların gələcəyini pozur, bizim hakimlər yalnız niderlandlılardır. İnsanlarımızı həbs edirlər, amma bizə qarşı pis hərəkət edən heç bir niderlandlı heç vaxt saxlanılmır”.

“Bizim öz bayrağımız, dilimiz olsa da, ondan istifadə edə bilmirik”, - deyə təəssüflənən “Change” hərəkatının həmtəsisçisi Kaile Aranxta Elizabet Fines əcdadları tərəfindən nəsildən-nəslə ötürülən Bonayre dilinin tarixinin XVII əsrə gedib çıxdığını diqqətə çatdırıb.

“Biz müstəmləkə altında olan dövlət kimi ünsiyyət qura bilmək üçün Niderland dilində danışmağa məcburuq. Adanın yerli xalqının öz dili olsa da, ondan rəsmən istifadə etmək hüququmuz yoxdur”, - deyə o vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev isə hazırda köləliyin, müstəmləkə siyasətinin müxtəlif formalarda davam etdiyindən təəssüflə danışıb. Bildirib ki, bu gün müstəmləkəçilik beynəlxalq hüquqla qadağan olsa, təəssüf ki, mövcuddur. Hazırda bəzi ölkələr beynəlxalq hüququn əsas prinsiplərinin müddəaları, eyni zamanda, insanların öz müqəddəratını təyinetmə hüquqlarının fundamental prinsipləri ilə bağlı ikili standartları təbliğ edirlər.

BMTM-in şöbə müdiri 2015-ci il referendumunun nəticələrinin Bonayre xalqına öz müqəddəratını təyin etmək hüququ verdiyini də xatırladıb, bunu müstəqillik uğrunda mübarizənin nəticəsi kimi qiymətləndirib.

Əsas hissədən sonra konfrans öz işini “Regional və beynəlxalq dəstəyin səfərbər edilməsi” mövzusunda müzakirələrlə davam etdirib.

Əvvəlcə Bonayre xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş olunub.

BMT yanında Afrikaəsilli Vətəndaşlar Forumunun üzvü June Soomer, Bonayrenin İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba, Azərbaycan Dillər Universitetinin baş müəllimi Sara Ələsgərova və digərləri çıxış edərək Niderlandın əsarəti altında olan Bonayre xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar barədə danışıblar.

Tədbirin sonunda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Bakıda keçirilən beynəlxalq konfransın təşkilində məqsəd Bonayre adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına təqdim edəcəyi qətnamə layihəsi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.

“Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yekununda bəyanat qəbul edilib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Paylaş: