4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Bakıda 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-2

19-06-2024
IMG

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə moderator - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantını açdıqdan sonra Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Tədbirdə çıxış edən İ.Serageldin bildirib ki, Kyoto Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriyə baxsaq, 1997-ci ildə iqlim tullantılarının qarşısını almaq üçün ilk səylərin başladığı zamanla indiki vaxt müqayisə oluna bilməz.

Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinin onları məmnun etdiyini vurğulayan İ.Serageldin bildirib: “Biz komandamızla sıx işləyirik, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm də Hindistanda 52 dərəcədən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədə çətindir. Ümumiyyətlə, qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çox ciddi problemdir”.

Azərbaycan COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiq olduğunu vurğulayan COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev diqqətə çatdırıb ki, COP29 Sədrliyi olaraq bütün fikirləri eşitmək, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək vacibdir.

Nazir, həmçinin qeyd edib: “Ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambisiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb”.

BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksək Səviyyəli 29-cu Toplantında bir araya gəlməkdə məqsəd iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlərlə bağlı müzakirələr aparmaq olduğunu deyib. Bildirib ki, COP-un bu günü və gələcəyi hamımız üçün mühümdür.

M.Espinoza vurğulayıb ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq. İnanırıq ki, tədbir prosesə inamı və legitimliyi gücləndirəcək.

COP29-un bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbir olduğunu bildirən qonaq deyib: “Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik”.

CGIAR şirkətinin icraçı direktoru, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmahane Elouafi qeyd edib ki, COP29-da müzakirə olunacaq məsələlər problemdən həll yollarının tapılması istiqamətində çox vacibdir. “Ümid edirəm ki, gələcək nəsillərə dünyanı daha sağlam və yaşanıla biləcək bir yer olaraq ötürə bilərik”, - deyə o vurğulayıb.

İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tədbir iştirakçılarına videomüraciəti zamanı diqqətə çatdırıb ki, iqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır. Dünyada bu problemlə bağlı yaşanan hadisələr iqlim dəyişikliyi ilə mübarizə üçün kollektiv fəaliyyətə təcili ehtiyac olduğunu aydın surətdə xatırladır. Biz birlikdə davamlı həll yollarına marağı artıra və gələcək nəsillər üçün daha sağlam dünya yarada bilərik.

Milyonlarla insanın Asiyada həddindən artıq istidən əziyyət çəkdiyini bildirən T.Qebreyesus iqlim dəyişmələrinin vəba, malyariya kimi xəstəliklərinin sürətlə yayılmasına səbəb olduğundan narahatlığını ifadə edib.

“İqlimin mülayimləşdirilməsindən əldə olunan gəlirlərlə hər il milyonlarla insanın həyatını xilas edə bilərik. Xərclənən hər 1 dollar 4 dollardan çox gəlir gətirə bilər. Bu tədbirlərə həssas insanları istilik dalğalarının təsirindən qorumaq, səhiyyə müəssisələri üçün bərpaolunan enerjiyə sərmayə qoymaq, ətraf mühiti çirkləndirən yanacaqlara subsidiyaların verilməsini dayandırmaq daxildir”, - deyə o vurğulayıb.

Bəşəriyyətin iqlim dyişikliyinə və bu qlobal problemin həlli yolunda hərəkətsizliyə görə fəlakətin astanasında oduğunu diqqətə çatdıran BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos videomüraciətində planetin xilası geosiyasi parçalanmanın girovuna çevrilə biləcəyindən narahatlığını ifadə edib.

Migel Anxel Moratinos qeyd edib: “Unutmayaq ki, problemin həlli təkcə iqlimə deyil, iqtisadi rifaha və davamlı inkişafa da kömək etmək imkanı yaradır. İqlim dəyişikliklərini həll etmək planeti və həssas insanları qorumaq deməkdir”.

Tədbirə videoformatda qoşulan digər qonaqlar - BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar, Böyü Britaniyanın sabiq Baş naziri Qordon Braun iqlim dəyişikliyi ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Natiqlər qlobal problemlərdən bir olan iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibiyini vurğulayıblar.

Tədbir işini panel iclaslarla davam etdirir.

Qeyd edək ki, 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılır.

Tədbir iştirakçıları, həmçinin “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzularında panellərdə fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.

Panel müzakirələrdən biri Zəngilan rayonunda təşkil olunacaq.

Tədbir işini iyunun 21-də yekunlaşdıracaq.

Paylaş: