Bakı Forumunda “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda fikir mübadiləsi aparılıb YENİLƏNİB
Martın 16-da XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən növbəti - 10-cu panel iclası “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusuna həsr olunub.
Fhnews.az xəbər verir ki, panel iclasına moderatorluq edən Federal Rabitə Komissiyasının sabiq komissarı Susan Ness rəqəmsal parçalanmanın baş verdiyini, rəqəmsallaşmaya insani etik normaların daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. O deyib: “Texnologiya həyatımızı yaxşılaşdırmaqla yanaşı, ziyanları da var. Beynəlxalq əməkdaşlıq vasitəsilə həmin riskləri müəyyənləşdirməliyik. Vətəndaş cəmiyyətləri, akademik dairələr, texnologiyaları istehsal edənlər bir araya gəlməlidirlər. Biz innovasiyaların təşviqi ilə yanaşı, zərərverici amilləri də ayırd etməliyik”.
BMT Baş Qərargahının informasiya və kommunikasiya texnologiyaları ofisində baş katibin köməkçisi Bernardo Mariano texnologiyadan maksimum şəkildə faydalanmağın və lazımi istifadənin vacibliyini qeyd edib. “İnsan və maşın arasında nə isə düzgün getmir. Bu isə idarəetmədən asılıdır. Hökumət inqilablara uyğunlaşmalı və bunu tənzimləməlidir”, - deyən B.Mariano insan zəkasının süni zəkadan daha mürəkkəb olduğunu, süni intellektin sürətli olmasına baxmayaraq, insan beyni ilə ayaqlaşa bilmədiyini vurğulayıb.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionda baş verən münaqişələrin kiberhücumlarla müşayiət olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çevrilib.
O bildirib ki, kiberhücumlar artmaqdadır. Dünyada hər 29-30 saniyədə kiberhücumlar baş verir. Kibertəhlükəsizlik sahəsində ekspertlərə ehtiyac duyulur. Azərbaycana qarşı 30 min kiberhücumun qeydə alındığını diqqətə çatdıran nazir müavini bildirib: “Son illər kibertəhlükəsizliklə əlaqədar Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncamlar özlüyündə təməl rolunu oynayır. Kiberhücumlarla mübarizədə siyasi, iqtisadi inkişaf müstəvisində həllər tapılmalıdır. Ölkəmizdə Dövlət Kibertəhlükəsizlik Mərkəzi təsis edilib. Mərkəzin məzunlarının 80 faizi işlə təmin olunub”.
Dünyamızın daha çox rəqəmsallaşacağını bildirən Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç əlavə edib: “Hazırda istədiyimiz yerdən məlumatları digər yerə ötürə bilirik. Bu, bəzən kənardan lazımsız müdaxilələrə də səbəb ola bilər. Artıq bilirik ki, süni intellekti düzgün formada istifadə etməsək, hər bir problem kəskin şəkildə dərinləşəcək. Bununla bağlı müzakirələr apardıqca risklərin yumşaldılması yollarını kəşf edirik. Hərbi sahədə daha çox süni zəkaya əsaslanan həll yolları üstün tutulur. Bununla bağlı avadanlıqlar da yenilənir. Amma digər tərəfdən, süni intellektin yaratdığı münaqişələrin qarşısını almalı, narahatlığımızı sərgiləməliyik”.
Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov süni zəkanın son dövrlər dünyada çox populyarlaşdığını deyib. Qeyd edib ki, süni intellekt insanlara qarşı potensial risklər törədir. Buna baxmayaraq, süni intellekt beynəlxalq təhlükəsizliyi artıra, müstəqil silah sistemlərinin ifşasına kömək edə bilər. Yanlış süni intellektin qarşısı alınmalıdır.
“Müəyyən sənədlər hazırlanmalıdır ki, onlar gələcəkdə təhdid rolunu oynamasın. Burada vətəndaş cəmiyyətinin, dövlətlərin mühüm rolu var. Kibercinayətlərə qarşı mübarizədə birgə səylərimizi əsirgəməməliyik. Bu sahədə ekspert qıtlığı yaşanır”, - deyə sabiq nazir diqqətə çatdırıb.
İnsanın süni intellektə çox həssas olduğunu vurğulayan Vladimir Norov onun istifadəsinin norma və prinsiplərə əsaslanmalı olduğunu qeyd edib.
Qlobal Tərəfdaşlıq Forumunun prezidenti və baş icraçı direktoru Amir Dossal süni intellektin hökumət tərəfindən deyil, özəl sektor tərəfindən idarə olunduğunu diqqətə çatdıraraq bildirib: “Əslində, süni intellektin sosial məqsədlər üçün istifadəsi arzuolunandır. Hər bir texnologiya yaxşı məqsədlərlə yanaşı, mənfi niyyətlər üçün də istifadə oluna bilər. Təəssüf ki, hazırda süni intellekt silah kimi istifadə olunur".
Rumıniya Baş nazirinin sabiq müavini Ana Birçal Prezident İlham Əliyevin regionda enerji təhlükəsizliyini faktiki olaraq təmin etdiyini vurğulayıb. Deyib ki, bununla da bu sahədən bizə qarşı silah kimi istifadə edənlərin təhdidi aradan qaldırılıb.
Türkiyənin Çexiyadakı səfiri, qardaş ölkənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen Bağış isə çıxışında qeyd edib: "Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi ilə yanaşı, Azərbaycan xalqının arzularını reallaşdırması, doğma Qarabağın azad olunması münasibətilə də təbrik edirəm. Süni intellektin müdafiə məqsədilə istifadə edilməsi Zəfərin qazanılmasında müstəsna rola malik oldu".
Azərbaycanın müharibə zamanı çoxsaylı kiberhücumlara məruz qaldığını söyləyən E.Bağış bildirib ki, Zəfər qazanılana qədər ABŞ-dakı erməni diasporu çox geniş fəaliyyətlə məşğul idi.
“Süni zəka getdikcə daha da inkişaf etməkdədir. Türkiyə süni intellektin sosial məsuliyyəti anlayaraq onun tətbiqinin tərəfdarıdır. Süni intellektin heç bir duyğusu, vicdani dəyərləri yoxdur. Odur ki, insani dəyərlər düşünülməli və buna görə beynəlxalq əməkdaşlığı daha da gücləndirməliyik”, - deyə səfir əlavə edib.
E.Bağış Türkiyənin dron texnologiyalarında qabaqcıl ölkə kimi fərqləndiyini və onların müxtəlif ölkələrin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öz qabiliyyətini təsdiqlədiyini diqqətə çatdırıb. “Süni intellekt və kibertəhlükəsizlik qlobal gündəmə daha çox salınmalıdır. NATO 2016-cı ildə kibertəhlükəsizliyi yeni döyüş meydanı hesab etməyə başladı. Təsadüfi deyil ki, genişmiqyaslı kiberhücumlarla rastlaşırıq”, - deyə sabiq nazir bildirib.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...