4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanla UN-Habitat arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

10-09-2024
IMG

Sentyabrın 10-da Azərbaycanın Keniyadakı səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) yeni təyin olunmuş icraçı direktoru xanım Anaklaudia Rossbaxla görüşüb.

Ölkəmizin Keniyadakı səfirliyindən verilən məlumata görə, səfir Sultan Hacıyev xanım Anaklaudia Rossbaxı yeni təyinatı münasibətilə təbrik edib. O vurğulayıb ki, xanım Rossbaxın şəhərlərin inkişafı və sosial mənzil layihələrində uzun illər ərzində qazandığı təcrübə UN-Habitatın qlobal fəaliyyətinə və təşəbbüslərinə yeni töhfələr verəcək.

Anaklaudia Rossbax rəhbərlik etdiyi UN-Habitat ilə Azərbaycan arasında məhsuldar əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu işbirliyinin yeni birgə təşəbbüslərlə daha da genişlənəcəyindən əminliyini bildirib.

UN-Habitatla əməkdaşlıq çərçivəsində Azərbaycanda 2022-ci və 2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Milli Şəhərsalma forumları, həmçinin 2023-cü ildə Bakı şəhərinin “Ümumdünya Məskunlaşma Günü”nə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, tərəflər arasında səmərəli əməkdaşlıq həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma layihələrinə töhfəsini verməkdədir.

Səfir Sultan Hacıyev diqqətə çatdırıb ki, tərəfdaşlığın bu dinamik inkişafının davamı olaraq Bakı şəhəri 2026-cı ildə keçirilməsi planlaşdırılan Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) ev sahibi seçilib. Azərbaycan bu il həm də COP29-a ev sahibliyi edir, 2026-cı ildə isə BMT-nin “Ümumdünya Ətraf Mühit Günü” ölkəmizdə keçiriləcək. Diplomat vurğulayıb ki, iqlim dəyişikliyi ilə dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri, bu baxımdan COP-WUF proseslərinin əlaqəsinin gücləndirilməsi məsələsində Azərbaycan qətiyyətli rol oynayır və qlobal töhfələr verməkdə səylərini davam etdirir.

Anaklaudia Rossbax bu ilin noyabrında Qahirə şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XII sessiyasının (WUF12) işində Azərbaycan nümayəndə heyətinin uğurla iştirak edəcəyinə və töhfələr verəcəyinə əminliyini bildirib. O, eyni zamanda, bu il UN-Habitatın Bakı şəhərindəki ofisinin fəaliyyətə başlamasının tərəflər arasında əməkdaşlığın növbəti vacib mərhələsi olduğunu qeyd edib.

Paylaş: