Azərbaycanla Pakistan arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin iki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib. Siyasi, iqtisadi, ticari, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə liderləri arasında görüşlər üçün əlavə imkan yaranacağı, bu tədbirin iki ölkə arasında əməkdaşlıq üçün xüsusi fürsət olduğu qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...