4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanla Braziliya arasında COP29-a hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub

23-10-2024
IMG

Oktyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRICS Sammiti çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq istiqamətləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

İki ölkə arasında mövcud siyasi dialoqun daha da inkişafı istiqamətində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti qeyd edilib.

Ölkələrimiz arasında keçirilən siyasi məsləhətləşmələrin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

Azərbaycan ilə Braziliya arasında mövcud ticarət dövriyyəsinin əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə prioritetlərə uyğun olmadığı, bu xüsusda iqtisadi-ticari əlaqələrin inkişafı istiqamətində mövcud imkanlardan istifadə olunmasının vacibliyi qeyd edilib.

COP29 çərçivəsində aparılan danışıqlar prosesi, irəli sürülən sədrlik təşəbbüsləri və prioritetləri, habelə hazırlıq işlərinin vəziyyəti barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov COP sədrliklərinin Üçlüyü (“Troyka”) formatında əməkdaşlığın prosesin davamlılığının təmin olunması istiqamətində əhəmiyyətini vurğulayıb. COP29 sədrliyimizin əsas prioritetlərindən biri olan iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin cəlbi istiqamətində əhəmiyyətli tərəqqinin əldə olunmasına dair ümidvarlıq ifadə edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: