4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanla Belarus arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

04-09-2024
IMG

Sentyabrın 4-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov ölkəmizdə səfərdə olan Belarus Respublikası xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı ali səviyyəli dialoqun iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə və dinamik əməkdaşlığın inkişafına vacib təkan verdiyi xüsusilə vurğulanıb.

Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirə aparılıb.

İkitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilib, birgə layihə və təşəbbüslər ətrafında danışılıb.

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsində, əməkdaşlığın yeni perspektivli istiqamətlərinin müəyyən edilməsində və onların hüquqi müstəvidə təsbit olunmasında fəaliyyəti xüsusilə qeyd edilib.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı məlumat verilib.

Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: