4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycanın xarici işlər naziri ABŞ Prezidentinin xüsusi köməkçisi ilə görüşüb
 

21-10-2024
IMG

Oktyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də sonuncu İstanbul görüşü barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: