4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan xarici işlər naziri portuqaliyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

23-09-2024
IMG

Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Ranger ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı, Azərbaycan və Portuqaliya arasında siyasi, iqtisadi, energetika, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli eləcə də beynəlxalq təşkilatlarda çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə cari regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Azərbaycanın enerji təhlükəsizliyi üzrə bir sıra Avropa ölkələri ilə uğurla əməkdaşlıq etdiyi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bunun təcəssümü olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, ölkəmizin alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə bir sıra Avropa ölkələri, o cümlədən Portuqaliya ilə praktiki əməkdaşlığa hazır olduğu bildirilib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyinin iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə olunub, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlər yaratdığı vurğulanıb.

Ölkəmizin yerləşdiyi strateji-coğrafi mövqeyin əhəmiyyəti, o cümlədən Orta Dəhlizin inkişafı istiqamətində tərəfimizdən həyata keçirilən layihə və təşəbbüslərin yaratdığı imkanlar qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə istiqamətində görülən işlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: