4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün giriş vizası tələbini ləğv edir

28-09-2024
IMG

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin daha da inkişafından məmnunluq ifadə olunub.

BMT və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında bir-birinin legitim maraqlarına qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan razılıqla bəhs olunub, Azərbaycanın haqlı mövqeyinə davamlı dəstəyə görə qarşı tərəfə minnətdarlıq bildirilib.

Səudiyyə Ərəbistanının Azərbaycanın bərpaolunan enerji sektorundakı fəaliyyəti yüksək qiymətləndirilib, ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin yaşıl enerji sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət və investisiyalar sahələrində mövcud inkişaf imkanlarından hər iki ölkənin rifahı naminə maksimum fayda əldə edilməsi üçün əməkdaşlıq mexanizmi qismində Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın potensialının reallaşdırılması vacibliyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər tərəfindən “Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısamüddətli səfər edən diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalanıb.

Paylaş: