4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan və İraq arasında ikitərəfli  məsələləri müzakirə olunub

04-11-2024
IMG

Noyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: