4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı
 

24-05-2024
IMG

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın 8-ci görüşünün Protokolu imzalanıb.

Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işlərinin nəticələri haqqında Texniki Protokol tərtib olunub.

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Paylaş: