Azərbaycan Mərakeşdə keçirilən 16-cı beynəlxalq MEDays forumunda təmsil olunur
Noyabrın 27-də Mərakeşin Tancə şəhərində “Suverenlik və dayanıqlılıq imkanları: yeni qlobal tarazlığa doğru” mövzusunda 16-cı beynəlxalq MEDays forumu işinə başlayıb. Tədbir Mərakeş Kralının himayəsi altında keçirilir.
Fhnews.az xəbər verir ki, noyabrın 30-dək davam edəcək forumda dünyanın 100-dən çox ölkəsindən 6 mindən çox nümayəndə iştirak edir. Tədbir çərçivəsində keçiriləcək panel iclaslarında 250-dən çox yüksək səviyyəli qonağın çıxış edəcəyi gözlənilir. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər, Nobel mükafatçıları da var.
Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında gənc diplomatlarla keçirilən dəyirmi masaya da qatılıb.
Amadeus İnstitutunun prezidenti İbrahim əl-Fasi əl-Fəhri açılış nitqində bildirib ki, Tancə görüşü cari çətinliklərin təhlilinə və bu çətinliklərə cəsarətli, davamlı həllər tapmağa yönəlmiş bir addımdır. O, tədbirin mövzusunun xalqların öz yollarını müəyyənləşdirmə və qarşılaşdıqları çağırışlarla ləyaqətlə mübarizə aparma gücünə inamı əks etdirdiyini deyib.
Qəmər Adaları Federasiyasının prezidenti Osman Qəzali vurğulayıb ki, forumun mövzusu dünyanın, xüsusilə Afrika qitəsinin qarşılaşdığı çağırışların, qlobal gərginliklər və dünya nizamının pozulması ilə müşayiət olunan hazırkı geosiyasi məsələlərin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda o, dünyadakı böhranlarla mübarizədə sürətli həllərin tapılmasının, beynəlxalq sabitliyi təmin edən sülh və təhlükəsizlik prinsiplərinin bərqərar olunmasının zəruriliyinə diqqət çəkib.
Konqo Demokratik Respublikasının Baş naziri Judit Tuluka Sominua çıxışında qida suverenliyini, enerji şaxələndirilməsini və texnoloji innovasiyaları suverenliyin əsas sütunları hesab edib. O, həmçinin bildirib: “Yeni qlobal tarazlığa doğru hərəkət etmək birgə işləmək bacarığımıza, gücümüzü birləşdirməyə, bilik və innovasiyanı paylaşmağa əsaslanır. Biz bununla yalnız ideal dəyərlər deyil, həmçinin hər bir vətəndaş üçün əsl həqiqətlərin olacağı, suverenliyin hökm sürəcəyi bir gələcək qura bilərik".
Qvineya Baş naziri Bah Uri 16-cı forumun dünya xalqları üçün sülhün böyük ümidə çevrildiyi bir vaxtda keçirildiyini qeyd edib. O, mövcud hadisələrə uyğun yeni düşüncə tərzi qəbul etməyin vacibliyini vurğulayıb və regional güclər arasında yeni tarazlığın qurulması üçün strateji tərəfdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilməsinin zəruriliyini diqqətə çatdırıb. O, iqtisadi suverenliyin davamlı dayanıqlılıq üçün inklüziv istehsalı tələb etdiyini bildirərək, bu məsələdə xüsusilə fosfatlardan istifadə etməklə iqtisadiyyatını şaxələndirmək sahəsində uğur qazanmış Mərakeş təcrübəsini nümunə göstərib.
San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada isə Afrikanın bu gün dünyadakı yerini tapmaq və özünün əsl mövqeyini müdafiə etmək üçün cəsarət göstərməli olduğunu vurğulayıb. O, Afrika ölkələrinin ticarət tərəfdaşlıqlarını şaxələndirmələrinin və milli valyutalarını inkişaf etdirmələrinin zəruriliyini qeyd edib.
Tədbir işini panel iclaslarla davam etdirir.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...