Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB
İyunun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Fhnews.az xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar və digər aspektləri, gündəlikdə duran aktual məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, diplomatik nümayəndəlik və konsulluqların fəaliyyətinin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov bugünkü rəsmi səfərinin də Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa əlavə təkan verəcəyinə ümidvarlığını ifadə edib.
İki ölkə arasında iqtisadiyyat, investisiyalar, ticarət, energetika, kommunikasiyalar sahələrində sıx əməkdaşlığın təqdirəlayiq olduğu, mövcud əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars kimi nəhəng regional layihələrin uğurla həyata keçirildiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam şəkildə istifadəsinin əhəmiyyəti qeyd edilib. İqtisadi inteqrasiya səylərinin gücləndirilməsi, habelə birgə layihələrin icrasının sürətləndirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Regional və qlobal təhlükəsizlik təhdidləri ilə mübarizədə milli səylərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin, xüsusilə kritik enerji infrastrukturu layihələrinin mühafizəsində əməkdaşlığın vacibliyi qeyd olunub.
Müxtəlif çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər çərçivələrdə qarşılıqlı dəstək və həmrəylik səylərinin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Humanitar tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri, xüsusilə təhsil, mədəniyyət, idman sahələrində birgə əməkdaşlığın gücləndirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli dialoqa töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Ceyhun Bayramov Azərbaycanın COP29 sədrliyi barədə ətraflı məlumat verərək, COP29-un, həmçinin Gürcüstanla bu sahədə əməkdaşlığımızın gücləndirilməsi üçün əlavə imkanlar yaratdığını qeyd edib. Bununla yanaşı, “Qara Dəniz Yaşıl Kabel”inin reallaşdırılması istiqamətində səylər ətraflı müzakirə olunub.
Postmünaqişə dövründə regional sülh və quruculuq səyləri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əsas təhdid və maneələrdən bəhs edən nazir ölkəmizin sülh gündəliyinin təşəbbüskarı kimi bölgəmizdə təhlükəsizlik və əmin-amanlığın bərqərar edilməsi istiqamətində səylərini irəlilətmək əzmində olduğunu vurğulayıb. Sülh sazişinin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilməsinə baxmayaraq, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların sülh prosesi çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...