Aleksandr Lukaşenko: Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndiririk
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Prezident Aleksandr Lukaşenko bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan strateji münasibətlər uğurlu inkişaf yolu keçib.
A.Lukaşenko Belarusda xüsusən də ölkəsinin faşist işğalçılarından azad edilməsinin 80 illiyinin qeyd olunduğu bu günlərdə azərbaycanlıların Qələbəyə və Belarus torpaqlarının azad edilməsinə verdikləri töhfəni yüksək qiymətləndirdiklərini, onların şücaətlərini xatırladıqlarını deyib.
Söhbət zamanı A.Lukaşenko Azərbaycana ötənaykı səfərini böyük məmnunluqla xatırlayıb, Prezident İlham Əliyevlə görüşlərindən bəhs edib. Belarus Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox uzaqgörən, qüdrətli bir şəxsiyyət, Prezident İlham Əliyevin isə Ulu Öndərin layiqli davamçısı olduğunu söyləyərək bildirib: “O, çox işlər görüb və çətin ki, İlham Əliyevdən sonra hansısa prezident bunu təkrar edə bilsin”.
Aleksandr Lukaşenko, həmçinin iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən razılığını ifadə edib. Deyib ki, parlamentlərarası münasibətlər dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən geri qalmır.
Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Belarus Prezidentinə çatdırıb.
Prezident Aleksandr Lukaşenko salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
S.Qafarova qeyd edib ki, xalqlarımızı ənənəvi dostluq əlaqələri, ümumi dəyərlər birləşdirir və ölkələrimiz arasında münasibətlər dövlət müstəqilliyinin bərpasından sonra bütün sahələrdə uğurla inkişaf edir. Bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli əlaqələr böyük rol oynayır. Milli Məclisin sədri yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlərin münasibətlərimizə xüsusi təkan verdiyini bildirib.
O, bu münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirilməsinin vacibliyini vurğulayıb, iki ölkənin qanunverici orqanlarının həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Görüşdə, həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı, bu sahədə mövcud olan potensial barədə fikirlər səsləndirilib. Belarus Prezidentinin Azərbaycana səfəri zamanı əməkdaşlığın daha da genişləndirilməsi imkanları, bir çox sahələr üzrə əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıldığı bildirilib. Bunun üçün parlamentlərin də müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində fəaliyyət göstərməsinin önəmi vurğulanıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...