2 aprel 2025, çərşənbə Bakı, 13°C
IMG-LOGO

AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir

01-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

AQTİ-dən verilən məlumata görə, aprel ayında keçirilməsi planlaşdırılan quru süd nümunəsində yağlılıq, nəmlik, quru maddə və laktozanın təyini sınaqlarında iştirak etmək üçün aprelin 30-u son müraciət tarixi müəyyən olunub. Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq [email protected] elektron poçtuna göndərməlidir. Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.

Həmçinin növbəti aylarda keçiriləcək səriştəlilik sınaqlarının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda “Səriştəlilik sınaqları” adlı bölmədə aylar üzrə həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Kolbasa matriksində nitrat, nəmlik, nişastanın təyini sınaqları cari ilin may, ət nümunəsində salmonella qida infeksiyasının təyini üçün sınaqlar isə iyul ayında keçiriləcək. Buğda matriksində zədələnmiş toxumlar, şüşəvariliyin, cücərmiş dənin, sürməli dənin, oqranoleptik göstəricilərin, yaş qlütenin miqdarının, nəmliyin, natura və zibil qarışığının, sendimentasiya indeksinin, eləcə də düşmə ədədinin təyini üzrə sınaqlar avqust ayında aparılacaq. Su nümunəsində codluq, pH, elektrik keçiricilik parametrləri üzrə sınaqlar sentyabr, şərab matriksində şəkərin, metil spirtinin kütlə qatılığının, titrlənən və uçucu turşuların kütlə qatılığının təyini sınaqları isə 2025-ci ilin noyabrında həyata keçiriləcək.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi xarici keyfiyyətə nəzarət vasitəsi kimi dövlət və özəl laboratoriyalarda analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsidir. Sınaqlar laboratoriya xidmətlərinin keyfiyyətinin artırılmasına, rutin analizlərin obyektiv qiymətləndirilməsinə və laboratoriya işçilərinin səriştəliliyinin artırılmasına şərait yaradır. Səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Qiymətləndirmə nəticələrinin beynəlxalq standartlara uyğunluğun təmin etmək üçün sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir.

Paylaş: