Bu gün Beynəlxalq Quşlar Günü qeyd olunur
Dünyanın bir çox ölkəsində hər il aprelin 1-də Beynəlxalq Quşlar Günü qeyd olunur.
Fhnews.az xəbər verir ki, bu beynəlxalq ekoloji bayram 1894-cü ildə ABŞ-da yaranıb və bütün dünyada fəal şəkildə yayılıb.
Bu əlamətdar gün quşların qorunmasına yönəlmiş ilk mühüm təşəbbüslərdən biri olan kənd təsərrüfatı üçün faydalı quşların mühafizəsi üzrə beynəlxalq Konvensiyanın 1905-ci il dekabrın 12-də qüvvəyə minməsindən sonra 1906-cı il aprelin 1-dən etibarən bir çox ölkələrdə qeyd olunur.
Beynəlxalq Quşlar Günü dünyanın bir çox ölkələrində UNESCO-nun “İnsan və biosfer” bioloji proqramı çərçivəsində keçirilir və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən təşkilat və vətəndaş cəmiyyətləri tərəfindən təşkil edilən aksiyalar, müsabiqələr, fleşmoblar və digər tədbirlərlə müşayiət olunur.
Qeyd edək ki, bu əlamətdar günün tarixi də təsadüfən seçilməyib: məhz bu vaxt quşlar isti ölkələrdən qayıdır, böyüklər və uşaqlar su quşlarının yaşayış yerlərini yaxşılaşdırmaq üçün işlər görürlər.
Dünya faunasındakı 10 minə yaxın quş növündən 1200-dən çoxu və ya onların hər səkkizincisi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına daxil edilib. Ornitoloqlar xəbərdarlıq edirlər ki, quşların yox olacağı təqdirdə ekoloji fəlakət baş verəcək və bunun insanlar üçün nəticələri acınacaqlı olacaq.
Quşlara həsr olunan daha bir ekoloji bayram hər ilin mayında qeyd olunan Ümumdünya Köçəri Quşlar Günüdür. 2025-ci ildə onun mövzusu “Quşların dostu şəhərlər və icmalar” olacaq. Keçiriləcək tədbirlər zamanı insan fəaliyyəti və genişlənən şəhər inkişafı səbəbindən köçəri quşların üzləşdiyi bir çox problemlər haqqında məlumatlılıq artırılacaq. Kampaniya icmaların köçəri quşlar üçün sığınacaq halına gəlməsini təmin edərək, quş dostu təcrübələrini özündə birləşdirən strateji şəhərsalma və mühafizə səylərini müdafiə edəcək. 2025-ci ilin mövzusu bütün sektorları, o cümlədən milli və yerli hökumətləri, biznesləri, icma qruplarını və dünya üzrə fərdləri əhatə etməyi nəzərdə tutur.
Ötən ilin məlumatına görə, zəngin fauna aləminə malik olan Azərbaycanda 400-dən çox quş növü qeydə alınıb. Qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir.
ABŞ-da bəzi məhbuslar vaxtından əvvəl...
Fritillaria imperialis və ya Ters...
Myanma hökuməti zəlzələnin nəticələrinin...
“SpaceX” Yerin orbitində qütblərarası...
Avropada dabaq epidemiyası yayılır...