2 aprel 2025, çərşənbə Bakı, 14°C
IMG-LOGO

Tədqiqat: Mikroblar iqlim dəyişikliyi ilə mübarizədə istifadə oluna bilər

01-04-2025
IMG

Mikroblar iqlim dəyişikliyi ilə mübarizə apara bilər.

Fhnews.az “Nature” nəşrinə istinadla xəbər verir ki, bir qrup alim davamlı inkişafın təşviqi və ekoloji problemləri həlli məqsədilə mikrob texnologiyalarından fəal istifadə etməyə çağırıb.

Son illərdə mikrob texnologiyaları iqlim dəyişikliyi, çirklənmə və biomüxtəlifliyin itirilməsi ilə mübarizə potensialına görə bütün dünyada tədqiqatçılar və sahibkarların artan marağına səbəb olub. Bununla belə, əhəmiyyətli irəliləyişlərə baxmayaraq, onların rolu beynəlxalq təşəbbüslərdə, o cümlədən BMT-nin iqlim və biomüxtəliflik konfranslarında kifayət qədər təmsil olunmur.

Mikroblar Yer ekosisteminin vacib hissəsidir. Onlar oksigen istehsalına, karbon qazının udulmasına, tullantıların emalına və çirklənmiş ətraf mühitin bərpasına töhfə verir. Genomika və biomühəndislik sahəsindəki irəliləyişlər alimlərə kritik qlobal problemlərin həllində mikroblardan istifadə etməyin yeni yollarını kəşf etməyə imkan verib.

Hazırda “LanzaTech” və “NatureWorks” kimi şirkətlər sənaye tullantılarından və bitki əsaslı substratlardan aviasiya yanacağı, bioplastiklər və polimerlər istehsal etmək üçün mikroblardan uğurla istifadə edirlər. Fransız şirkəti “Carbios” ən çox yayılmış birdəfəlik plastiklərdən biri olan polietilen tereftalatı (PET) parçalamaq və təkrar emal etmək qabiliyyətinə malik ferment hazırlayıb, ABŞ firmaları isə metanı istifadəyə yararlı resurslara çevirmək üçün bakteriyalardan istifadə edən texnologiyalar tətbiq edir.

Kənd təsərrüfatı sahəsində mikrob biogübrələri kimyəvi gübrələrə alternativ kimi xidmət edə bilər. Belə ki, onlar karbon emissiyalarını azaldır və suyun çirklənməsinin qarşısını alır.

Mikrob texnologiyalarının uğurlu inkişafı alimlər, özəl şirkətlər və hökumətlər arasında əməkdaşlığı tələb edir. Mikrob həllərinin tətbiqi karbon izini azaltmaqla yanaşı, həm də yeni iqtisadi sektorların böyüməsinə təkan verə bilər. Proqnozlara görə, qlobal biogübrə bazarının 2025-ci ildəki 1,59 milyard dollardan 2034-cü ilə qədər 4,71 milyard dollara, mikrobioloji aviasiya yanacağı bazarının isə 2024-cü ildəki 900 milyon dollardan 2034-cü ilə qədər 64,1 milyard dollara qədər artacağı gözlənilir.

Paylaş: