UNICEF: Hər beş uşaqdan biri münaqişə zonalarında yaşayır
Dünyada demək olar ki, hər beş uşaqdan biri münaqişələr yaşanan ərazilərdə yaşayır, 473 milyondan çox uşaq İkinci Dünya müharibəsindən bəri ən yüksək zorakılıq səviyyəsindən əziyyət çəkir.
Fhnews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) şənbə günü dünyada münaqişə zonalarında yaşayan uşaqların faizinin 1990-cı illərdəki təxminən 10 faizdən iki dəfə artaraq 19 faizə çatdığını bildirib. Xəbərdarlıq edib ki, uşaqlara dəyən zərərin bu qədər kəskin artması “yeni normaya” çevrilməməlidir.
Dünyada 1945-ci ildən bəri hər zaman olduğundan daha çox münaqişə yaşandığı bir vaxtda UNICEF uşaqların getdikcə daha çox qurbanlara çevrildiyini bildirib. BMT 2023-cü il üçün mövcud olan ən son məlumatlara istinad edərək 22 557 uşağa qarşı rekord sayda 32990 ciddi pozuntu təsdiqləyib ki, bu, Təhlükəsizlik Şurasının təxminən 20 il əvvəl müharibənin dünya uşaqlarına təsirinə nəzarət etməyi həvalə etdiyi vaxtdan bəri ən yüksək göstəricidir.
“Demək olar ki, bütün göstəricilərə görə, 2024-cü il həm təsirə məruz qalan uşaqların sayı, həm də onların həyatına təsiri baxımından UNICEF-in tarixində münaqişə şəraitinə düşən uşaqlar üçün ən pis illərdən biri olub. Münaqişə zonasında böyüyən uşaq dinc yerlərdə yaşayan uşaqla müqayisədə daha böyük ehtimalla məktəbdən kənarda qalacaq, pis qidalanacaq və ya evini tez-tez və dəfələrlə tərk etməyə məcbur olacaq. Bu, yeni normaya çevrilməməlidir. Biz uşaqların dünyadakı nəzarətsiz müharibələrdən zərər çəkməsinə yol verə bilmərik”, - deyə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.
UNICEF münaqişələrdə zorlama və cinsi zorakılıq haqqında geniş yayılmış məlumatlar fonunda qadınların və qızların acınacaqlı vəziyyətinə xüsusi diqqət yetirib. Haitidə uşaqlara qarşı rəsmi qeydə alınmış cinsi istismar hallarının sayı təkcə 2024-cü ildə min faiz artıb.
UNICEF, həmçinin qeyd edib ki, uşaqlar müharibə zamanı qida çatışmazlığından xüsusilə əziyyət çəkirlər və bu, Sudan və Qəzza zolağında xüsusilə ölümcül təhdiddir.
Münaqişə həm də uşaqların səhiyyə və təhsil sisteminə çıxışına ciddi təsir göstərir. Peyvənd olunmamış və ya kifayət qədər peyvənd olunmamış uşaqların qırx faizi münaqişənin tam və ya qismən yaşandığı ölkələrdə yaşayır və bu, onları qızılca və poliomielit kimi xəstəliklərə yoluxmasına zəmin yaradır.
UNICEF münaqişənin yaşandığı ölkələrdə 52 milyondan çox uşağın təhsildən məhrum olduğunu bildirərək, Qəzza zolağında uşaqların əksəriyyətinin və Sudanda uşaqların əhəmiyyətli hissəsinin bir ildən çox məktəbə getmədiyini bildirib. Ukrayna, Konqo Demokratik Respublikası və Suriya da daxil olmaqla, münaqişənin əhatə olunduğu digər ölkələrdə məktəblər zədələnib, dağıdılıb və ya təyinatı dəyişdirilib, nəticədə milyonlarla uşaq təhsildən məhrum edilib.
“Müharibə zonalarında olan uşaqlar onların uşaqlığını əlindən alan gündəlik həyat mübarizəsi ilə üzləşirlər. Onların məktəbləri bombalanır, evləri dağıdılır. Onlar təkcə təhlükəsizliyi və həyatın əsas ehtiyaclarına çıxışı deyil, həm də oynamaq, öyrənmək və sadəcə uşaq olmaq imkanlarını itirirlər. Dünya bu uşaqları pis vəziyyətə salır. 2025-ci ilə baxarkən vəziyyəti dəyişmək, uşaqların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün daha çox iş görməliyik”, - deyə K.Rassel qeyd edib.
Sabah yağış yağacaq, dağlıq ərazilərdə...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Təyyarə qəzasında həlak olan üç ekipaj...
Azərbaycanın əksər rayonlarında hava...
ICAO nümayəndəsi AZAL-ın təyyarəsinin...